15 Avqust 17:13
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunları Rusiyanın Kursk vilayətinə hücumu zamanı Britaniyanın “Challenger 2” tanklarından istifadə etmiş ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” yazır.

Məlumat təsdiqlənərsə, bu, Ukrayna hərbçilərinin idarə etdiyi Britaniya tanklarından Rusiya ərazisində ilk dəfə döyüşlərdə istifadə edilməsi demək olacaq.

Britaniya Müdafiə Nazirliyi əməliyyatın təfərrüatlarını şərh etməkdən imtina edib, amma qurumdan “Sky News”a siyasətdə heç bir dəyişiklik olmadığını söyləyiblər.

Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrı də məsələ ilə əlaqədar hər hansı şərh verməyib. Amma London əvvəllər Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından sərbəst istifadə edə biləcəyini təsdiqləyib.

Nəşrin mənbəsi əmindir ki, Ukrayna ordusu avqustun 6-da başlayan hücumu zamanı “Challenger 2” tanklarından istifadə edib.

“Ukrayna qüvvələrinin Rusiyanın Kursk vilayətində “Challenger 2” tanklarını necə və nə vaxt yerləşdirdiyinə dair təfərrüatlar bəlli deyil. Amma keçən ildən bəri Britaniyanın döyüş tanklarını istifadə edən Ukraynanın 82-ci Hava Desant Hücum Briqadasının Kursk əməliyyatında iştirak etdiyi təsdiqlənib”, - nəşr bildirir.

Eyni zamanda, keçmiş müdafiə naziri Ben Uolles işlədiyi müddətdə Ukraynaya Britaniya silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək icazəsi verdiyini açıqlayıb. Bu, əsasən “Storm Shadow” uzaqmənzilli qanadlı raketləri ilə əlaqəlidir. Uolles bu icazənin Kursk əməliyyatına da şamil edilməsini təklif edib.

Qeyd edək ki, bundan əvvəl hücumda Almaniyanın Ukraynaya verdiyi “Leopard” tanklarından da istifadə olunduğunu açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər