HƏMAS-ın mərhum lideri İsmayıl Haniyənin oğlu Əbdüssalam Haniyə atasının öldüyü sui-qəsdlə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, atasının ölümünə səbəb olan raketin telefon siqnalı ilə idarə edildiyini deyib.
Haniyə atasının otağında hər hansı bomba yerləşdirilməsini düşünmədiyini bildirib:
“Cangüdənlər və məsləhətçilər atamın otağından bir neçə metr aralıda oturmuşdular, yəni bomba olsaydı, bütün bina partlayardı. Hesab edirəm ki, otaqda bomba olması ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır”.
HƏMAS liderinin qaldığı otağın raketlə hədəfə alınması ilə bağlı Əbdüssalam söyləyib:
“İdarəolunan raket atamın otağı və yanında tapılan mobil telefonunu izləməklə idarə edilib. Atam rəsmi mərasimə mobil telefonla qatılmışdı, buna görə də əməliyyat çox da mürəkkəb olmadı.
Həmin gün atamla mənə çoxlu telefon zəngləri gəlmişdi. Məncə, o, şəhid olduğu gecə saat 22:15-ə qədər telefonundan aktiv istifadə edib”.
İsmayıl Haniyə iyulun son günlərində İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 31-də səhər saatlarında Həniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
Hadisənin ilk günlərində heç bir açıqlama verməyən İran hakimiyyəti avqustun 4-də Haniyənin öldürülməsi ilə bağlı aparılan “araşdırmaların nəticələri”ni paylaşıb. Sui-qəsdin 7 kiloqramlıq döyüş başlığı daşıyan qısamənzilli raketlə həyata keçirildiyi iddia edilib.
ABŞ-nin “Nyu-York Tayms” qəzeti Haniyənin qaldığı evdə aylar əvvəl gizli şəkildə yerləşdirilmiş bombanın partladılması nəticəsində öldürüldüyünü yazıb.
İran HƏMAS liderinin qətlinə görə İsraili ittiham edərək, buna “ən sərt şəkildə” cavab verəcəyini açıqlayıb. Olaydan sonra “qırmızı bayraq” qaldırdan molla rejiminin qisas vədi hələ yerinə yetirilməyib.