ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, general Ben Hodces iddia edir ki, Ukrayna döyüş meydanında təşəbbüsü ələ keçirib.
Teleqraf.com xəbər verir ki, amerikalı general Ukraynanın Kursk əməliyyatının yerdəki duruma təsir göstərdiyini deyib.
Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəisi, ordu generalı Mikola Malomuj Hodceslə razılaşıb və bunun Silahlı Qüvvələrin strategiyasında dəyişikliklərin başlanğıcı olduğunu vurğulayıb
Generalın fikrincə, Ukrayna ordusunun Kurska hücumu və asimmetrik cavabları Rusiya cəbhəsində çaşqınlıq yaradıb.
Onun sözlərinə görə, Kurskda başlayan əməliyyatlar Bryansk və Belqorod vilayətlərində davam etdirilmədən, şərq və cənubda işğal olunmuş ərazilərdə Rusiya hədəflərinə strateji zərbələr endirilməsə, heç bir strateji dəyişiklik olmayacaq. Amma Ukrayna qoşunları artıq bu yöndə addımlar atmağa başlayıb.
“Rusiya rəhbərliyinin qoşunlarımızın federasiya ərazisinə girməsinə imkan verilməyəcəyi konsepsiyası uğursuzluğa düçar oldu. Ruslar hərbi xarakterli zəiflik nümayiş etdirdilər, əlavə münaqişə ocaqları yarada bilmədilər, üstəgəl, təslim oldular və qaçdılar. Bacarmadılar”, - Malomuj qeyd edib.
Generalın iddiasına görə, Kurska hücum Qərbin Ukraynanın perspektivlərinə, nəinki müdafiə oluna, hətta hücuma keçə biləcəyinə dair qiymətləndirməsini də dəyişib: “Bu, qələbə perspektivi yarada bilər, amma bu strategiya davam etməsə, ciddi irəliləyiş olmayacaq. Hazırda işğal olunmuş ərazilər də daxil olmaqla, qeyri-standart və genişmiqyaslı fəaliyyətin davam etdirilməsi çox vacibdir”.