ABŞ Rusiya ilə əlaqələrin gücləndirilməsində və ölkənin demokratik yoldan çıxmasındakı roluna görə Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiyalar hazırlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Amerikanın Səsi”nin gürcü xidməti ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
ABŞ rəsmiləri deyirlər ki, İvanişvilinin son addımları Rusiyanın maraqlarını təşviq edir, Gürcüstanı Avropa Birliyi (AB) və NATO-ya üzv olmaq məqsədlərindən uzaqlaşdırır.
“Bizdə məlumat var ki, İvanişvili rus oliqarxları ilə münasibətləri inkişaf etdirmək üçün addımlar atıb və Rusiyanın Gürcüstan bazarına daxil olmasına şərait yaradıb. Üstəlik, o, Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edir”, - amerikalı rəsmi vurğulayıb.
Sahib olduğu sərvətləri 1990-cı illərdə Rusiyada qazanmış 68 yaşlı milyarder İvanişvili 2013-cü ildə siyasətdən getməsinə baxmayaraq, Gürcüstan siyasətində yüksək nüfuzunu qoruyur. Milyarder Tiflis yaxınlığındakı malikanədə yaşayır və nadir hallarda ictimaiyyət qarşısına çıxır. O, Gürcüstan hökumətinin “boz kardınal”ı hesab olunur.
Bidzina İvanişvilinin təsis etdiyi “Gürcü Arzusu” Partiyası 2012-ci ildən hakimiyyətdədir.