Bəşəriyyət Üçüncü Dünya Müharibəsinin astanasındadır, yalnız bir ölkə - İsrail bu prosesi dayandıra bilər. Buna görə də Qərb ona kömək etməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Sunday Telegraph” qəzetinin redaktoru Allister Hit yazır.
“Əgər sülh istəyirsinizsə, ilk növbədə İrana qarşı müharibə lazımdır. Əgər nüvə Qiyamətinin qarşısını almaq istəyirsinizsə, İranın nüvə proqramı məhv edilməlidir. Daha yaxşı, daha sağlam dünya istəyirsinizsə, İran teokratları məhv edilməlidir”, - britaniyalı jurnalist bildirir.
Hit vurğulayır ki, İran rejimi Yaxın Şərqdəki bütün problemlərin mənbəyi, terrorun əsas ixracatçısı, Rusiyanın müttəfiqi, Çinin dostu və bəşəriyyətin taleyini yeyən xərçəng xəstəliyidir. Onun sözlərinə görə, İsrail indi Qərbi xilas etməlidir, əgər bunu təkbaşına həyata keçirməyə imkanı yoxdursa, ABŞ öz ordusunu göndərməlidir. Hit qeyd edir ki, İranda rejim dəyişikliyi dünyanın hər bir demokratik ölkəsi üçün əsas xarici siyasət prioriteti olmalıdır.
Oktyabrın 1-də İranın İsrailə vurduğu zərbə Tehran üçün fəlakətin başlanğıcına çevrildi. Hit yazır ki, Tehran öz raketlərinin bir hissəsini xərclədi və mövqelərini ölümcül şəkildə zəiflətdi.
“Rejim yıxılacaq qədər kövrək olsa da, özünü zorba kimi aparmağa çalışır. İran bu dəfə Amerikanı səhv başa düşdü, İsrailin gücünü düzgün qiymətləndirmirdi. Yerusəlimdəki heç bir hökumət minillik dövlətin dağıdılmasına can atan, təkrarlanan, artan raket hücumlarına dözə bilməz. Hətta Dövlət Departamentinin ən mövhumatçı kəsimi də nüvə İranının bizi Üçüncü Dünya Müharibəsinə aparacağını görür”, - məqalədə deyilir.
Allister Hit sonda qeyd edir ki, indi təhlükə getdikcə panikaya düşən İran rejiminin qısa müddətdə nüvə statusu almağa çalışaraq səhvlərini daha da dərinləşdirməsidir:
“Buna yol vermək olmaz. Məqsədi özü və yəhudi xalqının salamat qalmasını təmin etmək olan İsrailin İran rejiminə cavab olaraq sarsıdıcı zərbə vurmaq hüququ yox, həm də vəzifəsi var. İsrail Qərbin tam və qeyd-şərtsiz dəstəyinə layiqdir”.