3 Oktyabr 19:25
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əməliyyatları ölkəsinin təhlükəsizliyi üçün planlaşdırır. Əsas hədəf İsrail dövlətinin təhlükəsizliyinin təmin olunması və təhdid yaradan bütün qüvvələrin neytrallaşdırılmasıdır. Əvvəllər də buna cəhd olunub. HƏMAS-la bağlı məsələ həll olunmaq üzrədir. “Hizbullah” ilə bağlı məsələ də çox keçməz ki, həllini tapacaq.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, həm “Hizbullah”, həm də HƏMAS İrana bağlı qüvvələridir:

“Onların hər ikisinin bölgədən çıxarılması, İranın İsrail ətrafındakı həlqədən uzaqlaşdırılması deməkdir. İran HƏMAS və “Hizbullah”la təkcə İsrailə yox, həmçinin ABŞ-ın Suriya və İraqdakı hərbi bazalarına problem yaradır. Ona görə İsrail və ABŞ təkcə Livan və Fələstin ərazisindəki qanunsuz silahlı dəstələri neytrallaşdırmır, eləcə də İranın İraqdakı bazaları və Suriyadakı hərbi qərargahlarına hücum edir. Son hadisələr də bunu təsdiqləyir. İndi hər kəs düşünür ki, birbaşa İran ərazisi vurulacaq, yoxsa? İraq, Suriya, Livan və Fələstin ərazisində İran qüvvələrinin neytrallaşdırılması elə əslində Tehranın vurulmasıdır. Bunun özü belə İranın regionda əlinin kəsilməsidir. İsrail istənilən vaxt İranı vura bilər. Çünki İrana qarşı İsrailin "raket borcu" var”.

Politoloq bildirib ki, İran ərazisindəki neft obyektlərinin vurulması əməliyyatı hələ tezdir, çünki vəziyyət hələ səviyyəyə gəlib çatmayıb:

“Bütün hallarda İsrailin raket zərbəsinə məruz qalması özünün beynəlxalq güclər qarşında mövqeyini gücləndirir. Digər tərəfdən əvvəllər İran tərəfi iddia edirdi ki, Hizbullahın lideri və İsrailin qatı düşmənlərindən biri olan Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq İsraili raket hücumuna məruz qoyublar. Amma son açıqlamalarda bu fikri dəyişirlər. İran bəyan edir ki, HƏMAS lideri İsmayıl Haniyənin ölümünə görə bu əməliyyatı keçirib.

Çünki bunlar fərqli-fərqli məsələlərdir. Əgər Nəsrullaha qarşı keçirsələr, o halda İran İsrailin ərazisinə müdaxilə etmiş kimi sayılır və beynəlxalq normanı pozur həmçinin təcavüzkar hesab olunurlar. Amma Haniyənin ölümünü əsas götürərək əməliyyat keçirsə, bu, fərqli mənzərə çıxardır. Hətta müəyyən mənada İrana "bəraət" də qazandırır. Çünki Haniyə İran ərazisində öldürülüb, Nəsrullah isə Livanda, yəni onun sərhədlərindən kənarda... İndi İran tərəfi özünümüdafiə məqsədilə bu əməliyyatları keçirdiyini deyir. Düşünürəm ki, müharibənin gərginləşməsi tədricən reallaşacaq.

İsrailin İranın neft obyektlərinin vurması məsələsinə gəlincə, bu, indiki vəziyyət üçün məqbul deyil. Ola bilsin, İsrail müəyyən bir müddətdən sonra buna əl atsın”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər