10 Oktyabr 13:24
4 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vətəndaşlarının xarici ölkələrdə həbsləri ilə bağlı narahatlıq doğuran tendensiya hökumət rəsmilərinin diqqətini cəlb edib. Amerika vətəndaşlarının ən çox həbsə məruz qaldığı ölkə Çindir. Bu ölkədə məhbus həyatı yaşayan ABŞ vətəndaşlarının sayının artması Vaşinqton və Pekin arasında gərginliyi artıran ciddi diplomatik problemə çevrilib. Bu, həmçinin iki qlobal güc arasındakı münasibətlərdə daha geniş geosiyasi mürəkkəbliyi əks etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Pekin ölkədə müxalif fikirlər və xarici təsirlərə nəzarəti gücləndirdikcə, amerikalılar da daxil olmaqla xarici vətəndaşlar getdikcə Çinin daxili siyasəti və ABŞ-la gərgin münasibətlərin qurbanına çevrilirlər:

“Bu məsələ ABŞ Konqresinin də diqqətini çəkib. Konqresdə hər iki pariya çoxluğunun liderləri bununla bağlı oktyabrın 3-də Prezident Co Baydenə məktub göndəriblər. Respublikaçılar və Demokratlar Partiyalarının Konqresdəki liderləri Baydeni səlahiyyət müddəti başa çatana qədər Çində saxlanılan amerikalıların azadlığa buraxılmasını prioritet siyasətə çevirməyə çağırıblar. Məktubda qeyd edilir ki, Çində haqsız yerə həbs edilən amerikalıların sayı başqa ölkələrdən daha çoxdur və onlar orta hesabla 12 il müddətinə həbs edilirlər.

Respublikaçılar və Demokratların liderləri iddia edirlər ki, ABŞ vətəndaşları Çində müxtəlif qanun pozuntuları adı altında əsassız ittihamlarla üzləşir, həbsxanada qeyri-adekvat qidalanma və keyfiyyətsiz tibbi yardım səbəbindən ciddi fiziki və psixi sağlamlıq problemlərinə səbəb olan pis rəftarla üzləşirlər. Məktubun sonunda Baydendən ABŞ vətəndaşlarının azadlığa çıxmaları üçün ondan fəal addımlar istənilir. Konqresmenlər Baydendən tələb edirlər ki, Çin lideri Si Cinpinlə növbəti görüşdə amerikalıların azad edilməsini prioritet məsələ kimi onun qarşısında qaldırsın”.

Təhlildə bildirilir ki, Baydenin Cinpinlə sonuncu təkbətək görüşü 2023-cü ilin noyabrında Kaliforniyanın Vudsayd şəhərində keçirilib:

“İki lider bu ilin aprel ayında telefonla danışıblar. Ancaq təkbətək görüşün və telefon danışığının Çin həbsxanalarında saxlanılan ABŞ vətəndaşların taleyinə təsiri olmayıb. Görünür, Pekin ona görə ABŞ vətəndaşlarını azadlığa buraxmır ki, Amerika da casusluqda ittiham edilən Çin vətəndaşları var. Pekin də onların azadlığa buraxılmasını istəyir. Konqresmenlərin məktubunda belə bir ifadə var: “Əgər Çin hökuməti Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq istəyirsə, haqsız yerə həbs edilən amerikalıları şərtsiz azad etməlidir”.

Pekin əmin deyil ki, həbsxanalardakı ABŞ vətəndaşlarını azad etsə, Vaşinqtonla münasibətləri normallaşdıra biləcək, əksinə, iki ölkə arasında müxtəlif mövzularda fikir ayrılıqları dərinləşib. ABŞ-da prezidentliyə hər iki namizəd – Donald Tramp və Kamala Harris Çini əsas təhlükə kimi qiymətləndirir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər