15 Oktyabr 20:27
2 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya hərbçilərinin Ukraynaya qarşı müharibədə Rusiyaya yardıma göndərilməsi ölkə lideri Kim Çen In üçün “dəyərli xarici valyutaya” çevrilə və Kremllə əlaqələrini daha da gücləndirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazır.

Ukrayna Prezidenti Vladimir Zelenski Şimali Koreya ordusunun Donbasda ruslara yardım etməsi xəbərləri təsdiqləyərək, Moskva-Pxenyan ittifaqının silah transferindən kənarda möhkəmləndiyi və inkişaf etdiyi barədə xəbərdarlıq edib.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın bir neçə min piyadası hazırda Rusiyada təlim keçir, ilin sonuna qədər cəbhəyə göndərilə bilər.

“Daily NK” da yazır ki, Şimali Koreya hərbçiləri artıq Rusiyadadır, Moskvanın nəzarəti altında olan Donbasın bərpasına kömək edirlər. Nəşr Şimali Koreya və Rusiyadakı mənbələrə istinadla bildirir ki, Pxenyan işğal olunmuş ərazilərdə yenidənqurma işlərində iştirak etmək üçün 150-yə yaxın işçi göndərib. Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora da deyib ki, koreyalı inşaatçılar Donbasda sosial və infrastruktur sahələrinin bərpasında mühüm rol oynayırlar.

Şimali Koreyanın öz vətəndaşlarını ölkə iqtisadiyyatına dəstək məqsədilə Rusiyaya işləməyə göndərməsi uzun tarixə malikdir. COVID-19 pandemiyası və Pxenyanın əsas ticarət tərəfdaşı olan Çinlə sərhədlərin bağlanmasından sonra əlavə gəlir mənbələrinə ehtiyac daha da artıb. Kənara işçi göndərmək Kim Çen In rejimini dəstəkləməyə kömək edən mühüm gəlir gətirir.

Cənubi Koreya Mərkəzi Bankının məlumatına görə, Şimali Koreya iqtisadiyyatı beynəlxalq sanksiyalar və pandemiya səbəbindən 2020-2023-cü illərdə kiçilib. 2023-cü ildə sərhədlərin açılmasından sonra Çinlə ticarət bərpa olunsa da, hələ pandemiyadan əvvəlki səviyyəyə çatmayıb.

Şimali Koreyalı işçilər çox vaxt lazımi təlim və qoruyucu vasitələr olmadan ağır şəraitdə işləyirlər. Rusiyaya gəldikdən sonra onların pasportları müsadirə olunur və ailələri Şimali Koreyada qalır, bu da qaçmağı mümkünsüz edir.

BMT Şimali Koreyanın nüvə sınaqlarından sonra sanksiyalar çərçivəsində bu ölkədən işçi qüvvəsinin ixracına qadağa qoysa da, koreyalılar Rusiya və digər ölkələrdə işləməkdə davam edirlər. Qadağa bütün işçilərin 2019-cu ilin sonuna qədər qayıtmasını tələb edirdi, amma sərhədlərin bağlanmasından sonra onların bir çoxu Rusiyada qaldı. Koreyalılar sanksiyaları pozaraq, turist və ya tələbə vizası ilə Rusiyaya daxil olmağa və yerli şirkətlərdə işləməyə davam ediblər.

Cənubi Koreya müdafiə naziri Kim Yonq-hen bundan öncə açıqlamışdı ki, Pxenyan Ukraynaya öz qoşunlarını göndərə bilər. Nazir vurğulamışdı ki, Şimali Koreya qoşunlarının bəzi kontingenti artıq Ukrayna torpaqlarında - işğal olunmuş ərazilərdədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər