13:02
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin İrana hücum etdiyi gün (26 oktyabr) ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyalətinin Taftan bölgəsində baş verən qarşıdurma nəticəsində 10 iranlı sərhədçi ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Sistan-Bəlucistan İranın ən həssas bölgələrindəndir:

“Region silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumalara görə məsuliyyəti bəlucların “Ceyş əl-Ədl” (“Ədalət Ordusu”) qruplaşması öz üzərinə götürüb. Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum edib, nəticədə onlarla iranlı hərbçi həyatını itirib.

Bəluclar İran hakimiyyətində təmsil olunmurlar. Bu etnik azlığın bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidir. Digər yandan, Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ədalət Ordusu”na Bəlucistanda terror hücumları həyata keçirməyə zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu ilin yanvarında “Ceyş əl-Ədl”in Pakistandakı mövqelərinə zərbələr endirmişdi. Pakistan da buna cavab olaraq İran ərazisini vurmuşdu. İki ölkə münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləndi. Helikopter qəzasında ölən İranın keçmiş xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Tehran Pakistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edir” açıqlamasını verməyi lazım bildi. O, Pakistan ərazisinə zərbələri “oradakı iranlı terrorçuların hədəf alınması” kimi izah etmişdi”.

Mərkəzin ekspertləri hesab edirlər ki, terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır: “İran İsraillə gərginlik içində olarkən “Ədalət Ordusu” ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər