13:48
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasdındakı görüşün nəticəsi olaraq sülh və dövlətlərarası münasibətlərin təmin edilməsi ilə bağlı xarici işlər nazirlərinə təlimatlar verildi. Gözləntilər nədən ibarətdir? Bəzi şərtlər təmin edilmədən dövlətlərarası münasibətlərdən danışmaq nə dərəcədə real görünür?

- Əslində Kazanda belə bir görüşün olması ehtimalı yox idi. Sadəcə olaraq masa arxasında Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında müəyyən bir dialoq baş tutdu. Daha sonra hiss olundu ki, Ermənistanın mövqeyində müsbət istiqamətdə dəyişikliklər var. Ona görə də, Kazanda tərəflər bir araya gələ bildi. Bununla yanaşı xarici işlər nazirləri və baş nazirlərin müavinlərinin iştirakı ilə də görüş oldu. Hər halda müəyyən perspektivlər əmələ gəldi.

- Bu halda ilin sonuna kimi sülhün əldə edilməsi ehtimalı varmı?

- Bunu öncədən demək çox çətindir. Proseslərin gedişi bunu göstərəcək. Hər bir halda ölkələrin birinci şəxsləri xarici işlər nazirlərinə bu tapşırığı veriblərsə və bu, ictimaiyyət üçün açıqlanıbsa, o deməkdir ki, ciddi səylər, addımlar olacaq.

- Ermənistanla hansı rakursda əlaqələrin qurulmasından söhbət gedir?

- Sözsüz ki, iki ölkə arasında problemlər qalmaya bilməz. Diplomatik əlaqələri olan dövlətlər arasında da problemlər olur. Amma hansısa bir çərçivə sənədi imzalandıqdan sonra diplomatik əlaqələrin bərpasından danışmaq olar. Əvvəl-axır bu olacaq. Sadəcə olaraq bunun qısa zamanda olub-olmaması maraqlıdır.

- Rusiyanın ev sahibliyi ilə baş tutan görüşdə onun təsiri haqqında nə demək olar?

- Moskvanın bu işlərə heç bir aidiyyəti yoxdur.

- ABŞ-da daha çox fəallıq göstərir...

- Ağ ev sülhlə bağlı məktub göndərib. Əgər Rusiyanın tərəflərə təsiri olsa idi, bunu bir müddət öncə baş tutmuş MDB iclasında edərdi. Orada Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü də olmamışdı.

- İddialar var ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri məhz Kazanda Rusiyanın təşəbbüsü ilə bir araya gəlib...

- Kazanda Azərbaycan və Ermənistan liderləri öz təşəbbüsü ilə görüşüb. Rusiyanın burada heç bir rolu olmayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər