Qarşıdakı iki ay Ukraynadakı müharibənin növbəti mərhələsinin müəyyənləşdirilməsi üçün kritik olacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidentinin keçmiş müşaviri, general-leytenant Herbert Makmaster deyib.
General qeyd edib ki, Rusiya və Ukrayna Trampın yeni administrasiyası gələnə qədər döyüş meydanında maksimum uğur əldə etməyə çalışır. Bu, onlara gələcək danışıqlarda daha çox rıçaq verəcək.
Trampın yeni administrasiyasında əsas vəzifələrə namizədlərin çoxu ya Ukraynaya yardımın davam etdirilməsini dəstəkləmir, ya da müharibənin danışıqlar yolu ilə dayandırılmasının tərəfdarıdır.
Makmasterin fikrincə, belə mesajlar ukraynalılara psixoloji zərbə vurur:
“Ukraynalılar lazım olan işçi qüvvəsini formalaşdırmaq və müdafiə səylərini dəstəkləmək üçün əllərindən gələni edirlər. Onların lazımi silah və təlim almaları vacibdir. Həm də qalib gələ biləcəklərinə əmin olmalıdırlar. Yardımı kəsə biləcəyimizlə bağlı hər hansı bir mesaj mənəvi baxımdan onlara çox zərər verir”.
General söyləyib ki, Tramp və komandası Ukraynadakı müharibə ilə mövcud dünya düzənini məhv etməyə çalışan ölkələrin yeni oxu arasında aşkar əlaqənin olduğunu bilir. Makmaster Şimali Koreya qüvvələrinin İkinci Dünya müharibəsinin bitməsindən sonra ilk dəfə Avropada döyüş əməliyyatlarında iştirakı, Çinin Rusiyaya dəstəyi və İrandan PUA və raket tədarükündən danışıb.
Makmasterə görə, çoxları Ukraynaya olduqca dar çərçivədən baxır və Rusiya lideri Vladimir Putinin niyyətini anlamırlar.