Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu qəbul edib.
Teleqraf.com xəbər verir ki, Jaksılıkov 2024-cü il üçün Müdafiə Nazirliyinin fəaliyyəti barədə prezidentə geniş hesabat verib.
Müdafiə naziri qoşunların döyüş hazırlığı, payız çağırış kampaniyası, hərbi xidmətin intizamı və təhlükəsizliyinin gücləndirilməsi, həmçinin hərbçilərin sosial statusu və maaşlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə Tokayevi məlumatlandırıb.
O, ordunun döyüş potensialının mərhələli artırılması və qoşunların hazırlığının yeni yanaşmalarla təkmilləşdirilməsinə xüsusi diqqət yetirildiyini bildirib.
Nazir həmçinin dövlət müdafiə sifarişinin icrası, qoşunlara yeni texnika və silah nümunələrinin daxil olması, o cümlədən PUA və radioelektron mübarizə sistemləri barədə məlumat verib.
Görüşün nəticələri üzrə Tokayev müdafiə nazirinə yerli müdafiə sənayesi müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi, ərazi müdafiəsi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) inkişafı və sosial-hüquqi işin gücləndirilməsi üzrə konkret vəzifələr verib.