NATO dəstək söz verdi
Ukraynada son iki gün ərzində aktivləşən müharibə ab-havası səngimək bilmir. Odessada “Xalq respublikası”nın yaradılması ilə bağlı bəyanat yayılıb. Odessadakı "Antimaydan"ın yaydığı bəyanatda deyilir: "Bu gündən etibarən Odessa vilayəti Odessa Xalq Respublikasıdır. Hakimiyyət bizə, yəni bu ərazidə yaşayan xalqın nümayəndələrinə məxsusdur".
Teleqraf.com-un xəbərinə görə, separatçılar şəhər sakinlərini küçələrə axışmağa, avtomobil yollarında bacardıqları qədər tıxac yaratmağa çağırıb. Donetsk şəhərinin bələdiyyə binasını rusiyapərəst "Oplot" təşkilatının nümayəndəsi "dinc yolla zəbt etməklə" nəzarət altına alıb.
Daha sonra Donetsk vilayətində dəmir yolu naməlum şəxslər tərəfindən kəsilib. Kramatorsk – Drujkovka istiqamətində qatarların hərəkət cədvəli dəyişdirilib. Məlumat Donetsk Dəmir Yolları İdarəsinin mətbuat xidməti tərəfindən yayılıb.
Ukraynanın Ali Radası ölkənin şərqində həyata keçirilən xüsusi antiterror əməliyyatlarının dəstəklənməsi ilə bağlı qərar qəbul edib. Dərhal Ukraynanın müdafiə naziri Mixail Koval, ölkənin şərqinə yollanıb. "Müdafiə naziri hadisə yerindədir və nəyin baş verdiyini bildirəcək", - deyə, baş nazirin müavini Vitaliy Yarema jurnalistlərə deyib.
Ölkənin şərqində hərbi təcavüz təhlükəsi ilə bağlı bölgədəki hərbi texnikanın yerdəyişməsi məlumatı ölkə rəsmiləri tərəfindən təsdiqlənib.
Luqansk vilayətində isə keçmiş məhkəmə sədri Anatoli Vizir özünü "Cənub-Şərqi Respublika"nın "prezidenti" elan edib. Daha sonra yeni “prezident” Rusiyadan dəstək istəyib.
Sosial şəbəkələrdə Ukrayna ilə bağlı səhifə və qruplarda hazırda ən çox müzakirə olunan “Donetsk Xalq Respublikası”nın qəbul etdiyi qərardır. Belə ki, qəbul olunmuş qərara əsasən, Donetsk vilayəti ərazisində yaşayan 16 yaşına çatmış hər bir yəhudi əsilli vətəndaş, cari ilin may ayının 3-ə qədər Bölgə administrasiyasına gələrək, qeydiyyata düşmələri, gələrkən, özləri ilə pasport və 50 ABŞ dolları gətirmələri tələb olunur.
Qərar, yəhudi əsilli əhalinin Donetsk vilayətinin “müstəqillik uğrunda aparılan mübarizəni” dəstəkləmədikləri ilə bağlı olduğu bildirilir.
Ukrayna mətbuatına istinadən, bütün ehtimallara rəğmən Donetsk vilayətində yaşayan əhalinin əksəriyyəti Ukraynanın tərkibində qalmağa üstünlük verir. Halbuki Rusiya mətbuatı bunun əksini yazır.
Bu arada Ukrayna baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib ki, Rusiya neft və qazla yanaşı artıq terrorizmi də ixrac etməyə başlayıb.
“Anladığım qədər, Rusiya ixrac üçün yeni bir məhsul icad edib – terrorizm. Rusiya da bu məhsulu uğurla Ukraynaya neft və qazla yanaşı ixrac edir. Bu gün dünyada yalnız bir ölkə Ukraynada Rusiyanın təxribatçı qruplarının terror aktları həyata keçirdiyini görmür. Bu da Rusiyanın özüdür”, - deyə baş nazir bildirib.
Ukrayna Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı Stepan Poltorak vəzifəsindən istefaya göndərilib. Bu barədə ölkə prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov sərəncam verib.
Yayılan məlumatlara görə, NATO-nun rəsmisi ölkədə baş verənlərlə əlaqədar olaraq, təşkilatın Ukraynaya dəstək verəcəyini bildirib.
Belə ki, NATO Avropanın şərqində hava nəzarətini gücləndirəcək. Təşkilatın baş katibi Anders Foq Rasmussen böhranla bağlı tədbirlər çərçivəsində Baltik və Aralıq dənizlərinə hərbi gəmilərin göndəriləcəyini də deyib.
O, əməliyyatın bir neçə gün ərzində həyata keçiriləcəyini qeyd edib.
Gərginliyə baxmayaraq, Ukrayna Ali Radası orduya çağırış barədə qanun layihəsini təsdiqləməyib. "Rusiya Federasiyasının təcavüzü ilə bağlı müdafiə qabiliyyətinin artırılması üzrə əlavə tədbirlər haqqında" başlıqlı sənədə 255 millət vəkilindən 208-i səs verib. Qanunun təsdiqlənməsi üçün isə 226 səsin tələb olunduğu nəzərə alaraq, layihə təsdiqlənməyib.