Suriya müxalifəti Cisr əş-Şuqur rayonunun böyük hissəsində nəzarəti ələ keçirib.
Teleqraf.com Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, müxalifət qüvvələrinin səhra komandirlərindən biri olan Əbu Kuteydə “Qələbə” kod adı altında aparılan əməliyyatlar nəticəsində Cisr əş-Şuqur rayonundakı hərbi postların, qənnadı fabrikinin və İdlib şəhərindəki bəzi strateji məntəqələrin Bəşər Əsəd ordusundan təmizləndiyini bildirib.
Onun sözlərinə görə, regionun böyük hissəsi müxalifətin nəzarətinə keçib. Rejim qüvvələrinin mənzil-qərargahı kimi istifadə olunan xəstəxana uğrunda isə ağır döyüşlər davam edir.
Prezidentə sadiq qüvvələrin ağır itkilər verdiyi bildirilir. Suriya ordusunun bölgədən tamamilə çıxarılması məqsədi daşıyan əməliyyatlarda “Cəbhət Ən-Nusra”, “Əhrar Əş-Şam briqadası”, “İslam ordusu” və “Ənşaru Şam briqadası” iştirak edirlər.