Avropa Komissiyası Afrikadan Avropa İttifaqı ölkələrinə kütləvi miqrasiya ilə əlaqədar “fövqəladə hallarda davranış mexanizmi”ni işə salmağa hazırdır.
Almaniyanın “Die Welt” qəzeti yazır ki, mövcud problemin həlli üçün iki çıxış yolu - Nigerdə qaçqınların qəbulu mərkəzinin inşası və Avropaya gələn miqrantlar üçün kvotaların tətbiqi təklif olunur. Nigerdə mərkəzin pilot layihəsinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə həyata keçirilməsi nəzərdə tutulur. Avropa Komissiyası yeni mərkəzdən Avropa ərazisinə keçməmiş miqrantlara məsləhət verilməsi üçün istifadə olunmasını planlaşdırır. Bu isə miqrantların gələcək inteqrasiyasını yüngülləşdirəcək.
Avropa Komissiyası miqrantlar üçün kvotaları müxtəlif dövlətlər tərəfindən təqdim edilən ümumdaxili məhsulun həcmi, əhalinin sayı, işsizliyin səviyyəsi, habelə bu ölkələrə əvvəllər sığınacaq üçün müraciət etmiş miqrantların sayı və s. göstəricilər əsasında müəyyənləşdirəcək.
Müvafiq sənədin ictimaiyyətə açıqlanması mayın 13-də nəzərdə tutulur. Lakin sənəddən çıxarışlar “Welt am Sonntag” qəzetinin əlinə düşüb.
Brüsseldə bildirilir ki, Avropa Komissiyasının təklif etdiyi tədbirlər qanunsuz miqrasiya probleminin aradan qaldırılmasında “Aİ-yə üzv dövlətlərinin ədalətli və balanslı iştirakı”na yönəlib.