İyunun 15-i Gürcüstanda milli matəm günü elan olunub.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 14-də baş vermiş təbii fəlakətlə əlaqədar yaradılmış fövqəladə hallar komissiyanın iclasında bildirib.
Baş nazir deyib: “İyunun 14-də gecə yağan leysan yağışları nəticəsində vətəndaşlarımızı itirmişik. Bu, bizim üçün ağır itkidir. Onların xatirəsi bütün ölkədə anılmalıdır”.
Xatırladaq ki, Gürcüstanda güclü leysan yağışları ölkənin regionlarında, eləcə də paytaxt Tbilisinin bəzi ərazilərində torpaq sürüşməsinə səbəb olub. Vera çayı üzərindəki bəndin dağılması nəticəsində paytaxtda bir neçə evə ciddi ziyan dəyib, zoopark su altında qalıb. Təbii fəlakət 12 nəfərin həyatına son qoyub, 24 nəfər itkin düşüb, 37 nəfər xəsarət alıb.
Hazırda Tbilisinin 22 min sakini işıqsız qalıb.
Hökumət həlak olanların hər birinin ailəsinə 10 min lari yardım edəcək.
Bundan başqa, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Tbilisi şəhər meriyasına 10 milyon (təqribən 4,4 milyon dollar) vəsait ayrılıb.
Gürcüstanın ətraf mühit və təbii ehtiyatlar naziri Qiqla Aqulaşvili bildirib ki, iyunun 15-də ölkə ərazisində yenidən güclü yağışlar gözlənilir.