İyunun 16-da milyarder Kirk Kerkoryan ABŞ-da 98 yaşında vəfat edib. O, Beverli-Hillsin ən varlı adamlarından biri sayılırdı. 2015-ci il üçün onun sərvəti 3,6 milyard dollar həcmində qiymətləndirilib.
K.Kerkoryanın təsis etdiyi “Linsi” Fondu 1989—ci ildən 2011-ci ilədək fəaliyyət göstərib. Fondun xətti ilə Ermənistana və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundakı oyuncaq rejimə 22 il ərzində 1 milyard dollardan çox vəsait verilib.
K.Kerkoryanın əsas gəlirini “MGM Grand” şirkətindən götürdüyü qazanc təşkil edirdi. O, 2000-ci ildə 6,4 milyard dollara “Mirage Resort”, 2004-cü ildə isə 4,8 milyard dollara “Mandalay Resort Group” şirkətlərini satın aldıqdan sonra “MGM Grand” “MGM Resorts International” şirkətinə çevrilib. Şirkət “Bellagio” və “Mandalay Bay” kimi tanınmış kazinoların operatorudur.
Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən zəbt edilməsi və işğal altında saxlanması, Azərbaycana qarşı elan olunmamış müharibə aparılması üçün əsas maliyyə vəsaiti xaricdəki erməni diasporunun, o cümlədən Kirk Kerkoryan kimi varlı ermənilərin ianələri hesabına təmin olunub.