Macarıstan qaçqın axınının qarşısını almaq üçün Serbiya ilə sərhəd boyu divar çəkmək istəyir.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto iyunun 17-də bildirib ki, hökumət daxili işlər nazirliyinə 175 kilometrlik divarın tikintisiilə bağlı hazırlıq işlərinə başlanmasını göstəriş verib.
O immiqrasiyanın bu gün Avropa Birliyinin üzləşdiyi ən ciddi problemlərdən olduğunu deyib.
Nazir qeyd edib ki, Avropa Birliyi bu problemi həll eləməyə çalışır, amma Macarıstan artıq dözmək fikrində deyil.
2014-cü ildən Macarıstana qaçqın axını kəskin artıb. Onların əksəriyyəti qonşu Serbiyadan keçir.
Təkcə bu il 45 min qaçqın Macarıstandan sığınacaq istəyib. Ötən il bu göstərici 43 000, 2012-ci ildə isə cəmi 2150 nəfər olub.