29 İyun 2015 21:19
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tunisdə cümə günü baş verən terror hücumu nəticəsində həlak olan turistlərin azı 30 nəfəri Böyük Britaniya vətəndaşıdır.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, "Imperial Marhaba" otelinin çimərliyində turistlərə atəş açan yaraqlının qurbanlarının ümumi sayı isə 38 nəfərdir.

Böyük Britaniyanın Baş naziri Devid Kemeron Daily Telegraph qəzetində yerləşdirilən məqaləsində hadisədən şoka düşdüyünü, həlak olanlara görə təəssüfləndiyini, lakin qorxu hissini yaxına buraxmayacağını bildirib.

Həyatını itirən turistlərin qohumlarına başsağlığı verən Britaniya Kraliçası II Yelizaveta da öz növbəsində özünün və həyat yoldaşı şahzadə Filippin hadisədən məyus olduğunu qeyd edib.

İyunun 28-də Tunisdə həlak olan vətəndaşlarının xatirəsinə hörmət əlaməti olaraq Böyük Britaniya Baş nazirinin iqamətgahında, həmçinin digər hökumət binalarında bayraqlar endirilib.

Xatırladaq ki, iyunun 26-da Tunisin Sus şəhəri ətrafında yerləşən Əl-Kantaui kurortundakı "İmperial Marhaba" otelinin çimərliyinə daxil olan silahlı şəxs burada istirahət edən turistlərə atəş açmağa başlayıb. Bundan sonra basqın edən şəxs polis tərəfindən öldürülüb. Hadisədən sonra İŞİD qruplaşması basqına görə məsuliyyəti üzərinə götürüb.


Müəllif:

Oxşar xəbərlər