Malayziyanın sərnişin təyyarəsi Donetsk vilayətində rusiyapərəst separatçıların nəzarətində olan ərazidən atılan raketlə vurulub.
Uçuşların təhlükəsizliyi üzrə Hollandiyanın xüsusi şurasının yaydığı hesabatın layihəsində belə deyilir.
CNN-nin əldə etdiyi hesabat hələ ki, tam açıqlanmayıb.
Amma televiziya şirkəti bu insidentin bir sıra detallarını öyrənə bilib.
İstintaqın gedişi ilə tanış olan 2 mənbənin məlumatına görə, istintaq materialları nəqliyyat üzrə milli təhlükəsialik şurası, ABŞ Federal aviasiya idarəsi və Boinq şirkəti də daxil olmaqla dünya üzrə xeyli agentliklərin araşdırmasına verilib.
Həmin mənbələrdən birinin məlumatına görə, sənəddə istifadə edilən raketin adı da var.
Digər mənbə isə bildirib ki, hesabatda təkcə raketin hardan buraxıldığı yox, bu ərazinin kimin nəzarətində olması da göstərilir və göstərilir ki, Boinqi rusiyapərəst separatçılar vurub.
Hesabatda Malayziya şirkətinin də günahı olduğu bildirilir və qeyd edilir ki, məsləhətlərə baxmayaraq şirkət həmin gün döyüş zonasından uçuşlar həyata keçirib.