“Komsomolskaya pravda v Ukraine” qəzetində “Uğursuz mənzil hücumla alınıb” sərlövhəli məqalə dərc olunub. Məqalədə Ermənistanın iki vətəndaşının Lvovda 22 yaşlı vyetnamlı qadını on gündən çox girov saxlamasından bəhs edilir.
Məqalədə deyilir: “...Lvovun yaşayış rayonunda yerləşən binalardan birinin həyətində baş verənlər bir növ Amerika “boevikləri”nin süjetini xatırladıb. Milis maşınları, zirehli gödəkcə geyinmiş əli avtomatlı adamlar məhəlləni mühasirəyə alaraq sakinləri evakuasiya etməyə başlayıblar”.
Ukrayna Dövlət Sərhəd Xidmətinin Lvov sərhəd dəstəsinin əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirən qrupunun böyük zabiti, mayor Dmitri Ripa deyib: “Bizə informasiya daxil olub ki, burada zor gücünə qadın saxlayırlar. Biz hüquq mühafizə orqanlarındakı həmkarlarımızla birlikdə onu azad etmək üçün əməliyyat keçirdik”.
Qəzet yazır ki, ermənistanlı cinayətkarlar qıza görə 10 min dollar fidyə tələb ediblər. Ermənistan vətəndaşları gözdən iraq panel binada mənzil kirayə ediblər. Məlum olub ki, onlar miqrantları qanunsuz sərhəddən keçirməklə “çörək pulu” qazanırmışlar. Növbəti “müştərilər”in arasında vyetnamlı bacı-qardaş olub. Onlar və daha iki vyetnamlı gözəl həyata ümidi Avropa İttifaqı ölkələrindən birinə can atırmışlar. Amma ya bu qeyri-leqalların yola davam etmək üçün pulları çatmayıb, ya da sadəcə pula qənaət etmək istəyiblər. Buna görə də ermənilər “pul yoxdursa, bacı da yoxdur” tələbi ilə qızı mənzildə dustaq ediblər. Əvvəlcə qardaşı da saxlayıblar. Sonra onu müəyyən məbləğ müqabilində azad ediblər ki, bacısını xilas etmək üçün pul tapsın.
D.Ripa deyib: “Hazırda qeyri-leqallar da, ermənilər də saxlanılıb və ifadə vermək üçün Sıxov rayon milis şöbəsinə gətiriliblər”.