Alimlərin sözlərinə görə, suya görə 25 ildən sonra Yaxın Şərqdə müharibə başlayacaq, çünki onun kəskin çatışmazlığı regionda davamlı quraqlıq nəticəsində hiss olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Svori.ru saytında məlumat verilir. Məlumatda bildirilir ki, bu gün Misir əhalisinin təxminən 87 milyonu su ehtiyatları çatışmazlığından əziyyət çəkir. Nil çayı artıq əhalinin suya olan tələbatını ödəyə bilmir.
Ötən il Mərakeşdə taxıl sahələrinin üçdəbiri susuzluqdan yanaraq məhv olub. Yəməndə isə keyfiyyətsiz boru kəmərlərinə görə suyun 60 faizi itirilir. Alimlərin fikrincə, bu problemi çirkab sularının emalı yolu ilə həll etmək mümkündür. Ancaq hər şey olduğu kimi qalarsa, artıq XXI əsrin ortalarında təkcə neft yataqları uğrunda deyil, həm də suya görə lokal hərbi münaqişələr başlana bilər.
İldən-ilə istifadə üçün yararlı suyun azaldığını vurğulayan mütəxəssislər digər ölkələrin sakinlərini də şirin su ehtiyatlarından qənaətlə istifadə etməyə çağırırlar.
Qeyd edək ki, Azərbaycanın kifayət qədər su ehtiyatları var. Bu su ehtiyatlarının 70 faizi qonşu ölkələrin ərazisindən gəlir. Bununla belə, Azərbaycan hökuməti su məsələsini həmişə diqqətdə saxlayır. Son illər bu sahəyə milyardlarla manat investisiya qoyulub. Taxtakörpü su anbarının istifadəyə verilməsi, Ceyranbatan-Taxtakörpü su kanalının çəkilməsi və su ilə bağlı həyata keçirilən layihələr bunun əyani təzahürüdür.