"Gecə qonağı" filminin qala gecəsi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, ekran əsərində Fərda Xudaverdiyev, Pərvin Abıyeva, Tural Əhməd, Kəmalə Priyeva, Kənan M.M oynayırlar.
Film haqqında saytımıza təəssüratlarını bölüşən Kənan M.M ekran əsərindən gözlədiyi nəticəni əldə etdiyini bildirdi: "Filmin rejissoru olmaqla yanaşı aktyor kimi də çıxış edirəm. Ədalət obrazını canlandırıram. Ekran əsərində Fərda Xudaverdiyevi 360 dərəcə dəyişmək nə qədər çətin olsa da bir o qədər önəmli idi. Obraz çox yaxşı alındı. İnsanların filmi izlədikdən sonra üzlərindəki ifadədən və filmin sonluğundakı hadisəyə görə üzüntülərindən gördüm ki, film istədiyimiz kimi alınıb. Bu məni çox sevindirdi".
Filmdə Camal obrazını canlandıran aktyor Fərda Xudaverdiyev qeyd etdi ki, ilk dəfə çəkildiyi kadrları sildirib: "Filmdə bir dəfə obrazım çəkildi və silindi. Baxmayaraq ki, Kənan oynamağımdan razı qalmışdı. Amma mən özümdən razı qalmamışdım. Yavaş-yavaş obrazı tapdıqdan sonra gecə də işlədim. Sonra Kənana bildirdim ki, artıq obrazı tapmışam. Çəkəcəksənsə çək, çəkməyəcəksənsə birinci günün xərcini ödəyirəm. Çəkilmək üçün başqa bir adam tap. Dedi ki, o qədər kadrı yenidən çəkək. Amma oynadıqdan sonra çox bəyəndi. Camal varlı bir ailənin övladıdır. Rəssamdır və rəsm əsərləri çəkir. Dostunun səhvinin nəticəsini o çəkir və hadisələr onun ətrafında cərəyan edir. Hekayə xoşuma gəldiyi üçün təklifi qəbul etdim. Film İlqar Fəhminin ssenarisi əsasında çəkilib. Hər kəsin filmi bəyənəcəyinə inanıram".
Qeyd edək ki, Fərda Xudaverdiyev bu filmdə ilk dəfə olaraq dramatik obrazda oynayır.
Rəqsanə Həsənova