Suriyanın Qolan təpələri ərazisində yerləşən Kuneytra əyalətində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) bütöv "xüsusi təyinatlı" dəstəsi hökumət qoşunlarına təslim olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bundan əvvəl əyalətdə şiddətli döyüşlər gedib və terrorçular çoxlu sayda itki veriblər.
Onlar komandir Mücahid ibn Zaranın ölümündən sonra silahı yerə qoymaq və təslim olmaq qərarına gəliblər. Ümumilikdə 50-yə yaxın terrorçu silahı yerə qoyub.
"Təslim olan döyüşçülərin böyük hissəsi ABŞ-ın Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətində yerləşən təlim düşərgələrində intensiv hazırlıq kursları keçib, orada təxribat və mina partlayışı işinin incəliklərini öyrəniblər, həmçinin ərazidə istiqaməti tapmaq və kəşfiyyat obyekti kordinatlarının radio ilə ötürülməsi biliklərinə yiyələniblər", - deyə hökumət qoşunları qərargahından bildirilib.