17 Fevral 2016 13:53
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hakimiyyət daxilində siyasi böhran özünün pik nöqtəsinə çatıb. Bir-birinin ardınca yüksək ranqlı məmurların istefa verməsi, parlamentdə baş nazir Arsen Yatsenyuk və onun komanda üzvlərinin sərt tənqid olunması gərginliyi daha da artırıb. Ukrayna Ali Radası "Petr Poroşenkonun Bloku" fraksiyasının lideri Yuri Lutsenko tərəfindən təqdim olunan hökumətin istefası ilə bağlı qətnamə layihəsini qəbul etməsə də, hökumətin buraxılma məsələsi aktuallığını saxlayır.

Ukraynadakı siyasi vəziyyəti dəyərləndirən politoloq Fikrət Sadıqov hesab edir ki, Ukraynada baş verənlər hakim siyasi qüvvələrin daxilində razılaşdırılmış oyuna oxşayır: "Prezident doğrudan da baş naziri istefaya göndərmək istəsəydi, onu başqa yollarla da edə bilərdi. Məsələ burasındadır ki, parlamentdə baş nazir çox sərt tənqid olunur, hətta təhqir edilir, amma onun istefası məsələsi qəbul olunur. Bu mənada bir sıra ziddiyyətlər mövcuddur. Görünür, Ukraynanın siyasi elitasında olan bəzi qüvvələr baş nazirin istefasını istəmir. Reallıq ondan ibarətdir ki, Ukraynada siyasi vəziyyət qeyri-stabildir. Gərginliyi aradan qaldırmaq üçün ciddi tədbirlər görmək lazımdır. Ukraynada siyasi qüvvələr öz aralarında bir araya gələ bilmirləsə, o zaman Rusiyaya qarşı necə birləşəcəklər".

F.Sadıqov bildirib ki, Ukrayna hökuməti ötən müddət ərzində etimadı doğrulda bilməyib: "İndiki hökumət inqilabdan öncə çox böyük vədlər verib. Amma nəticə yoxdur. Korrupsiya, monopoliya yenə də mövcuddur. İnsan haqları pozulmaqda davam edir. Hətta ABŞ və dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar Ukrayna hökumətini korrupsiya, insan haqlarını pozmaqda günahlandırırlar. Amerikanın vitse-prezidenti Co Bayden Ukrayna hökumətini sərt tənqid etmişdi və islahatlara çağırmışdı. Ukraynada hökuməti dəstəkləyən güclü qruplar var və istefa məsələsində maraqlı deyillər".

Politoloqa görə, ərazisi işğal olunan və separatizmdən əziyyət çəkən, bir sözlə, ərazi bütövlüyünü təmin edə bilməyən bir ölkədə siyasi böhranın yaşanması anlaşılandır: "Xatırlayırsınızsa, Azərbaycanda da müharibənin şiddətli dövründə, torpaqlarımız işğal olunanda siyasi böhran var idi. Məğlub olan tərəfdə qarşılıqlı ittihamlar güclənir, uğursuzluğa görə komanda üzvləri bir-birini ittiham edirlər. Ukraynada da indi bu psixoloji durum hökm sürür".

Türkiyə-Ukrayna arasında münasibətlərin istiləşməsinə toxunan politoloq qeyd etdi ki, bu yaxınlaşma ölkəyə əlavə dəstək olsa da, böhrandan çıxmaq üçün yetərli deyil: "Beynəlxalq maliyyə qurumları, xarici dövlətlər Ukraynaya kifayət qədər yardımlar ediblər, maliyyə ayırıblar. Amma ölkədə sabitliyi bərpa etmək mümkün olmayıb. Çünki hakim komanda reforma aparmaq gücündə deyil. Türkiyənin Ukrayna ilə yaxınlaşmasının səbəbi aydındır. "Düşmənimin düşməni mənim dostumdur" prizmasından yanaşsaq, iki ölkə arasında münasibətlərin sıcaqlaşmasında qəribə heç nə yoxdur".

Ruslan


Müəllif:

Oxşar xəbərlər