Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Ankara və digər böyük şəhərlərdə ağır terror aktı planlaşdırıldığı barədə hələ 1,5 il əvvəl ölkənin polis və xüsusi xidmət orqanlarını xəbərdar edib.
Publika.az xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı sensasion məlumat yayıb.
Məlumata görə, MİT 1,5 il öncə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə PKK terror təşkilatının kamikadzeləri tərəfindən təxribat və terror aktları hazırlanması barədə məlumat əldə etdiklərini hökumətə bildirib. Hətta, bu cür xəbərdarlıqlar bir neçə dəfə olub.
Sonuncu dəfə 2016-cı il yanvarın 7-də Türkiyə Prezident Administrasiyası, Baş nazirlik, Baş Qərargah Rəisliyi başda olmaqla, bir sıra qurumlara terror planlaşdırılması barədə xəbərdarlıq məlumatı verilib.
MİT-in 1,5 il öncə əldə etdiyi məlumata görə, PKK Türkiyənin hərbi vəzifə daşıyan şəxslərinə qanlı terror hücumu planlaşdırırmış. Ona görə də MİT terror aktı törədilməsi ehtimalı böyük olan Ankaranın Kızılaydakı hərbi hissəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tövsiyə edib. Bundan sonra da həmin bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.