26 Aprel 2016 15:44
2 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Atırau şəhərində keçirilmiş etiraz aksiyalarında səslənən fikirlərə ölkə parlamentinin sessiyasında münasibət bildirib.

Teleqraf.com-un “Röyters”ə istinadla verdiyi xəbərə görə, Nazarbayev torpaqların özəlləşdirməsinə etiraz edən aksiyaçıların fikirlərini əsassız sayıb: “Bir daha bəyan etmək istərdim ki, torpaqların xarici vətəndaşlara satılması məsələsi müzakirə edilmir və müzakirə olunmayacaq. Bu istiqamətdə spekuliyasiyaların heç bir əsası yoxdur. Provokasiya aparanlar ifşa olunmalı və cəzalandırılmalıdırlar”.

Aprelin 24-də neft mərkəzi kimi tanınmış Atirauda 2 minə yaxın insan Torpaq Məcəlləsinə edilən dəyişikliyə etirazla küçələrə çıxıb. Onlar qanunvericiliyə olunan və bu ilin iyununda qüvvəyə minəcək dəyişikliyin Çin vətəndaşlarına torpaq almaq imkanı verəcəyini iddia edirlər.

Etirazçılar bunu ölkənin təhlükəsizliyinə xələl gətirən addım kimi dəyərləndirirlər.

Nursultan Nazarbayevin çıxışından sonra fəal etirazçılardan biri Almatıda saxlanıb. Ekspertlər ölkə hakimiyyətinin narahatlığını etirazların sosial-siyasi xarakter alacağına reaksiya kimi şərh edirlər.

Mahir


Müəllif: