Aprelin əvvəlində cəbhə xəttində baş verən gərginliklərdən sonra bu gün ilk dəfə prezidentlərin görüşü ilə bağlı məlumatlar yayıldı.
ANS-in məlumatına görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməyə hazır olduqlarını dedilər.
Görüşün növbəti həftə - mayın 16-da - Vyanada keçirilməsi təklif edilir. Prezidentlərin son görüşü ötən il dekabrın 19-da İsveçrənin Bern şəhərində olub.
Həmin görüş ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə təşkil olunmuşdu. Yekuna dair ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlarının davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk Qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini də bildiriblər.
Dekabrda keçirilən görüş zamanı da cəbhə xəttində gərginliklər müşahidə olunurdu.
Amma aprelin əvvəlində baş verən gərginlik dekabr ayındakına nisbətən daha genişmiqyaslı idi. Çünki Azərbaycan ordusu işğal altında olan bəzi əraziləri qarşı tərəfin ordusundan təmizlədi. Qarşı tərəfin təxribatlarına cavab tədbiri kimi keçirilən hərbi əməliyyatlar zamanı nüfuzlu dövlətlər tərəfləri sakitləşdirmək və danışıqlar masası arxasına əyləşdirmək üçün cəhdlər göstərdilər.
Münaqişənin həllində maraqlı dövlətlər öz nümayəndələrini regiona göndərdilər. Atəşkəs əldə olunduqdan sonra isə Ermənistan prezidenti mətbuata açıqlamasında dedi ki, hazırda münaqişə ətrafında bütün danışıqlar dayandırılıb. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər.
Münaqişə bölgəsində vəziyyətin gərgin olduğu bir vaxtda prezidentlərin görüşünün nə qədər real olub olmamasını şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, hazırda Serj Sərkisyan və İlham Əliyevin görüşü üçün heç bir hazırlıq görülməyib.
“Çünki görüş və orada müzakirə olunacaq məsələlər əvvəlcədən xarici işlər nazirləri səviyyəsində razılaşdırılmalı idi. Həmçinin Ermənistan tərəfi prezident səviyyəsində görüşün olub - olmaması ilə bağlı heç bir açıqlama verməyib. Belə bir şəraitdə həmsədrlərin necə görüş təşkil etdikləri müəmmalıdır. Hətta görüş təşkil edilsə belə, masada konkret bir həll planı yoxdur”, - deyən politoloq əlavə etdi ki, görüşün keçirilməsi üçün tərəflərin mövqeyində fərqliliklər var.
Qabil Hüseynli bildirdi ki, cəbhə xəttində baş verən son gərginliklərdən sonra Azərbaycan tərəfi vəziyyəti real qiymətləndirir. “Rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünün konkret dəstəklənməsini istəyir. Azərbaycan Ermənistan ordusunun 7 rayondan dərhal çıxarılmasını tələb edir. Daha sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin aparılmasını istəyir”, - deyə Qabil Hüseynli bildirdi.
"Azərbaycanın torpaqları işğal altındadır. Ona görə də Azərbaycan vəziyyətin gərginləşməyəcəyi ilə bağlı zəmanət verə bilməz”, - deyə politoloq vurğuladı.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hazırki məqamda görüşün baş tutmasını real sayır: “Çünki prezidentlərin görüşü müxtəlif mənbələrdən təsdiqlənib. Görüş zamanı əsas müzakirə mövzusu Ermənistan ilkin şərt qoymadan Dağılıq Qarabağ ətrafındakı 5 rayonları boşaltması olmalıdır. Ermənistan rayonları boşaltmağa hazırdır, ya yox? Əks halda Vyanadakı görüşün əhəmiyyəti yoxdur və dövlət başçısı İlham Əliyevin sözləri ilə desək, bu imitasiya xatirinə görüş olacaq. Belə görüşlər bizi geri sala bilər. Çünki 22 ildə aparılan məhz bu cür görüşlər Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasına, status-kvonun qorunmasına şərait yaradıb”.