“Böyük yeddiliy”ə üzv ölkələrin liderlərinin Yaponiyanın Kaşikojima adasındakı görüşü başa çatıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iki gün davam edən görüşdə Şimali Koreyanın nüvə proqramı, Yaxın Şərqdə baş verən proseslər, qaçqın böhranı, terrorla mübarizə, Rusiyanın Ukraynadakı fəaliyyəti, iqtisadi vəziyyət və ticarət əlaqələri kimi mәsәlәlәr müzakirә olunub.
Miqrant böhranı
G7 liderləri miqrantları qəbul edən dövlətlərə təcili və uzunmüddətli yardımların edilməsi ilə bağlı razılığa gəliblər: “Miqrant böhranı İkinci Dünya Müharibəsindən sonra ən yüksək səviyyəyə çatıb. Bu məsələdə Suriya böhranı əsas qaynaqdır. Suriya böhranının həlli üçün siyasi keçid hökumətinin qurulması çox vacibdir”.
Terrorla mübarizə
Liderlər terrorçuluğun hər formasını qınadıqlarını, İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının dünyadakı sülh və təhlükəsizliyə təhdid olduğunu bildiriblər: “Toplantıda terrorçuluğa qarşı mübarizə səylərinin artırılması məsələsində razılıq əldə edilib”.
Ukrayna-Rusiya gərginliyi
Görüşdə Ukraynanın şərqindəki gərginliyin azaldılması məsələsi də müzakirə edilib və bu məsələnin Ukraynanın ərazi bütövlüyü və suverenliyi daxilində həll edilməsinin vacibliyi bildirilib.
Toplantının sonunda Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına qərar verilib. Bununla bağlı Böyük Britaniyanın Baş naziri Devid Kemeron məlumat verib: “Liderlər Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması qərarına gəliblər. Minsk öhdəlikləri yerinə yetirilməyənə qədər qadağalar qüvvədə qalmalıdır”.
Qeyd edək ki, Rusiyaya qarşı sanskiyaların müddəti iyunun 31-də başa çatacaq. Avropa Birliyinə üzv ölkələr iyunun 28-29-da keçirəcəkləri iclasda sanksiyaların müddəti ilə bağlı yeni qərar qəbul edəcəklər.
Suriya böhranı
G7 liderləri Suriya ilə bağlı Beynəlxalq Dəstək Qrupuna ölkədəki bütün düşmənçiliyə son qoyulması ilə bağlı çağırış ünvanlayıb. Çağırışda Suriyada dinc sakinlərin hədəfə alınması pislənilib.
Samir