İordaniya paytaxtı Amman yaxınlığında yerləşən Baqaa fələstin qaçqınları düşərqəsinə edilmiş höcum nəticəsində iordaniyalı kəşfiyyat zabitləri öldürülüb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, rəsmilərin "terror hücumu" adlandırdığı insident nəticəsində 5 adam həlak olub.
Ölən 5 nəfərdən 3 nəfəri kəşfiyyat zabiti olub. Baqaa düşərgəsi, 1968 ildə İordaniyada paytaxt Amman ətrafında fələstin qaçqınları üçün yaradılmış 6 düşərgədən biridir.
Həmin düşərgələr 1967-ci ilin Ərəb-İsrail müharibəsi nəticəsində qaçqınlara çevrilmiş fələstinlilərin sığınması üçün qurulub.
İordaniya hazırda İraq və Suriyada özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı hərbi əməliyyatlar aparmaq üçün ABŞ tərəfindən yaradılmış koalisiyanın aparıcı üzvlərindən biridir.
Baqaa hücumuna görə məsuliyəti üzərinə götürən olmayıb. İordaniya hökümətinin sözçüsü Məhəmməd Momani deyib ki, düşərgədəki kəşfiyyat idarəsinə hücumu "dinimizə mənsub olmayan cinayətkarlar törədib".
Onun sözlərinə görə, ölənlərdən iki nəfər mühafizəçi, digəri isə telefon operatoru olublar.
Baqaa İordaniyanın ən iri qaçqın düşərgəsidir, orada 100 mindən çox qaçqının sığınacaq tapdığı deyilir.
BMT rəqəmlərinə əsasən, İordaniyada eləcə də Suriyadan pənah gətirmiş 635 min suriyalı qaçqın hazırda yaşamaqdadır.