30 Noyabr 2019 21:40
3 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Xalq şairi Musa Yaqubun qızı – Avstriyanın İnsbruk şəhərində yaşayan Səhər Musaqızı ilə müsahibəni təqdim edir:

- Səhər xanım, özünüzü bir-iki cümləylə necə təqdim edərdiniz?
- Musa Yaqubun qızı olmaq ömrümün ən işıqlı tərəfidir. Mən işıqla adaşam deyərdim.

- Ata Musa və şair Musa. Aralarında necə, nə qədər fərq var?
- Atam özünü heç vaxt yazdıqlarından ayırmayıb. Elə ona görə də böyük şairdir.

- Müsahibələrinizin birində yaşadığınız şəhərin işıqlarının İsmayıllının işıqlarına bənzədiyini bildirmisiniz. Bu, darıxmamağa bəhanədir, yoxsa?
- Mənim darıxmağımın nə məkanı var, nə də adı. Amma bu gün yaxşı mənada bəhanəsi var – qürbət. Elədir, İnsbrukun işıqları Buynuzun işıqlarına çox oxşayır. Mən Buynuzda anadan olmuşam. Amma artıq on üç ildir ki, Avropanın göbəyində yaşayıram. Buna baxmayaraq, özümü heç vaxt Buynuzdan ayırmadım. Onu da, evimi də götürüb gəlmişəm bura. Nə olsun ki, Avropada yaşayıram. Evimizə kim gəlirsə, gəlsin, elə biləcək ki, Buynuzdan elə dünən çıxmışam. Vətən-adamlar var, onların məkanı olmur. İnsbrukun işığı kimi özü də yaxındı mənə. O da nə düzənini, nə də kəndini özündən ayırmır. Yalnız bu mərtəbədə, mənə elə gəlir ki, azad cəmiyyət, azad insan ola bilərsən.

- Atanızın “Hər ömrün bir tale dərdi var, pəri” misrası ilə başlayan “Mənə danışma” adlı şeirini sizə həsr etdiyini qeyd etmisiniz. Nə dərdiniz var, Səhər xanım?
- Hər ömrün bir tale dərdi var, pəri,
Yəni heç kəsə deyilməz gizli kədəri…
Köməyim yoxdursa bir əhli-dərdə
Sən allah, bu dərdi mənə danışma.
Bu şeiri deyəndə mən həmişə kövrəlirəm. Dərdim yoxdur, dərdimiz var. O vaxt cavan idim, gənc idim, uşaqlar da balaca idilər. Ailə, ev olmaq üçün, yaxşı mənada özümə toy tutduğum vaxtlar idi.

- Xalqın şairi “xalq şairi” adını aldı…
- Özünü xalqından, vətənindən ayıran şair görmüsünüzmü siz? Mən görməmişəm və buna da inamıram. Musa Yaqub Azərbaycan şairidir, bu, dünən də belə olub, bu gün də belədir. Xalqını dilindən, dinindən, imanından çıxarıb sonra da xalqın adını şairinə vermək, belinə də minnət yükləmək, bu, ancaq bizdə ola bilər. Sovet vaxtı atam SSRİ Yazıçılar İttifaqının üzvü idi, vəzifə də vermişdilər ona, ev də, kitablarını da neçə min tirajla çap etdirirdilər. Amma Musa Yaqub yaradıcılığına təpədən dırnağa kimi baxın, görün onun ideologiyaya xidmət edən bir dənə də olsun şeiri varmı? Yoxdur. Atam xəstə olanda da belə oldu, iqtidarından, müxalifətindən, vəzifəsindən, adından asılı olmayaraq, hamı onun ziyarətinə gəldi. Hələ ona görə onu qınayanlar da oldu. Özümüz özümüzə qənim kəsilmişik, amma günahkarı başqa yerdə axtarırıq. Nə bilim...

- Hazırda şairin vəziyyəti necədir?
- Səbirsiz idi, indi daha da səbirsiz olub. Yeməyi az idi, indi çoxalıb. Elə bilirəm, göylərdən üzülüb şair. Yerə çox baxırdı, bu, məni narahat edirdi. Yanında olanda çıxarırdım eyvana, deyirdim, sən Allah, göy üzünə bax. Vallah, düzələcəksən.

- Bir dağ adamı, təbiət adamı kimi şairi gümrah, sağlam görmüşük həmişə. Şairlər, aktyorlar, bir sözlə, məşhur insanlar səhhətlərində yaranan problemlərdən dolayı tamaşaçılara, oxuculara görünmək istəmirlər, yaddaşlarda elə qalmaq istəmirlər. Bəs atanız necə, narahat olmurmu solğun bənizli fotolarından?
- O, özü heç bu şəkilləri görməyib, amma bizi, əlbəttə, narahat edirdi. Atam özünü bilən adamdı, heç vaxt görünüşündən qorxmayıb, yaraşıqlı olmayıb, amma çox işıqlı adamdır. Bunu onun yanına gələndə, onun yanında olanda hiss edir adam. Bizim evimiz həmişə get-gəlli olub, o xəstə olanda da belə oldu. İstəyən gəlib görüşə bildi, heç kəsi qapısından çevirmədi atam. Hər gələn də bu ziyarətdən onunla çəkdirdiyi fotonu bir xatirə kimi aparırdı. Baxırsan ki, yaxşı çıxmayıb, yaxşı foto deyil. Ondansa, bir bənd şeirini paylaşaydılar. Nə bilim, vallah...

- Sizcə atanıza ən yaxın, onu ifadə edən şeiri hansıdır?
- Hamısı yaxındır,sadəcə, hər məqamın öz şeiri var. Bayaq da dediyim kimi səbirsiz, həm də darıxan adamdır. Bu sətirlər heç düşmür dilindən son vaxtlar:

İlahi, sən məni özümə qaytar,
Özümünkü elə ayaqlarımı.

Müəllif: Günay Şahmar


Müəllif: Teleqraf.com