Ermənistanda bir gün ərzində üç nümayişin keçirilməsi nəzərdə tutulub.
Teleqraf.com-un məlumatına görə, İrəvanda ilk nümayiş Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə yerli vaxtla 15:00-da baş tutacaq. Mitinq iştirakçıları 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad edəcəklər.
Saat 16:00-da isə İrəvan küçələrinə Ermənistan müxalifəti çıxacaq. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüş keçirəcək.
Növbəti nümayişi 18:30-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirəcək. O, müxalifətin iddialarının əksinə olaraq ətrafında tərəfdarlarını toplamaqla xalqın onun yanında olduğunu sübut etmək istəyir.
Qeyd edək ki, 1 mart tarixində ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə polislər arasında toqquşmalar baş verib. Belə ki, 2008-ci ilin fevral ayının sonunda Robert Köçəryan prezident postunu tərk edərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana verməyə hazırlaşırdı.
Səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyan Nikol Paşinyan daxil olmaqla tərəfdarları ilə İrəvanda etiraz aksiyaları təşkil ediblər.
Aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Nəticədə yüzlərlə insan yaralanıb, odlu silahla 10 nəfər qətlə yetirilib.