Cəbhədə baş verən atışmalar nəticəsində ordumuz 14 əsgərini itirib. Ermənilərin hər gecə cəbhəyanı rayonlarımıza müxtəlif istiqamətdə atəş açır.
Hazırda Ermənistan-Azərbaycan sərhədində vəziyyət nə yerdədir?
Həmin rayonların deputatları son durumu Teleqraf.com-a şərh edir:
“Emosiyaları qızışdırmaq lazım deyil”
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilmiş İlyas İsmayılov hər gün icra başçıları ilə əlaqə yaradıb vəziyyətlə tanış olduğunu söylədi. Onun sözlərinə görə, hazırda Tovuz və Qazaxda hər şey qaydasındadır:
“Köməkçimlə də mütəmadi olaraq zəngləşib vəziyyəti öyrənirəm. Mətbuatda insanların evlərini tərk etdiyi barədə xəbərlər oxuyuram, amma bunların həqiqət payı yoxdur. İcra başçısından zəng edib bu barədə soruşdum, dedi ki, belə bir şey yoxdur. Kimsə nə məqsədlə yazırsa özləri bilər. Amma belə həssas məqamda əksinə insanları sakitləşdirmək istiqamətində düşünmək lazımdır. Emosiyaları qızışdırmaq lazım deyil”.
“Bu cür məlumatlar düşməni sevindirir”
105 saylı Tovuz seçki dairəsindən millət vəkili seçilmiş Qənirə Paşayevanın sözlərinə görə, hazırda Tovuzda vəziyyət sakitdir:
“Bu gün də Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub. Tovuzun Hacıalı-Əlibəyli istiqamətində dəfələrlə atəş açılıb. Gecə radələrində ön cəbhədə Tovuzu qoruyan hərbçilərimiz düşmənin atəşkəsi pozmasına layiqli şəkildə cavab verib. Onların atəş nöqtələrinin hamısı susdurulub. Çox şükür insan itkisi yoxdur. Səhər saat 6 radələrindən sakitçilikdir”.
O, insanların Tovuzu tərk etməsi barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Bu məlumatlar həqiqətə uyğun deyil. O insanlar müharibənin ən ağır vaxtlarında belə öz evlərini tərk etməyən insanlardır. Ön postlara yaxın evlərini tərk etmirlər. Bu cür məlumatlar düşməni sevindirir. Çünki düşmənin arzusu ondan ibarətdir ki, panikaya düşək. Onların mülki vətəndaşları hədəfə almasında da məqsədləri odur ki, təşviş yaratsınlar və insanlar öz evlərini tərk etsin. Amma bizim insanlarımız buna əsas verməz. Tovuzda da, Qazaxda da ön cəbhəni ordumuz layiqli şəkildə qoruyur. Ön cəbhədəki kəndlərimizdə evlərin önündə hərbi postlarımız, əsgərlərimiz var. Onlar düşmənə layiqli cavablarını veriblər. Camaatımız da hər zaman hərbçilərimizin arxasında və yanında olublar. Ola bilsin ki, atəşkəsin pozulması nəticəsində hansısa bir insan evi hədəfə alındığı üçün 1-2 saatlığına daha təhlükəsiz yerə keçə bilər. Amma insanların öz evlərini tərk etməsi xəbərləri doğru deyil. Dəqiq bilirəm ki, bunlar yalan məlumatlardır. Mən özüm Tovuzda idim, təzəcə qayıtmışam. Qazağa yasa da getmişdim, orada da özüm belə bir şey görmədim. Əksinə, insanlar deyirdi ki, ordumuzla bərabər torpağımızı qorumağa, qadınlı-kişili müdafiəyə hazırıq”.
Nərgiz