Bu yaxınlarda Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı olan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Elman Məmmədov ötən əsrin 80-cı illərinin sonunda Qarabağda separatçı hərəkatın başlanması, eləcə də ermənilərin Xocalıda törətdikləri dəhşətlərdən danışmışdı. Xocalı soyqırımı günü Elman Məmmədovla müsahibəni yenidən yaymağı məqsədəuyğun hesab etdik.
Separatçı hərəkat fevralın 12-də başladı
Səxavət Həmid: – Elman müəllim, 1988-ci ilin fevralında Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) erməni separatçılarının Azərbaycandan ayrılmaq, “miatsum” tələbi ilə ilk mitinqləri başladı. Bu günlər həmin tarixi hadisənin 30 illiyidir. Həmin dövrdə Dağlıq Qarabağda partiya işində çalışan bir şəxs kimi o günləri necə xatırlayırsınız?
– Həmin dövrdə – 1988-ci ildə mən Xocalı kənd sovetinin sədri idim. 1988-ci il fevralın 11-də gecə 11-12 radələrində evə zəng gəldi. Əsgəran Rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri Milord Cahangiryan dedi ki, Elman, sabah özünlə bir neçə nəfər fəalı da götür, səhər saat 9-un yarısında Əsgəran Rayon Partiya Komitəsində olun. Dedim, gecənin yarısı zəng etmisiz, nə məsələdir? Dedi ki, rayon fəallarının yığıncağı keçiriləcək, Bakıdan da qonaqlar gəlib. Mən də gecə ikən özümdən başqa 5 nəfərə də xəbər etdim. Fevralın 12-də altı nəfər rayon partiya komitəsində olduq. Zalda 400-500 nəfər erməni arasında biz 6 nəfər azərbaycanlıyıq. Heç bir şey bilinmir. Ermənilər bizimlə həmişəki kimi mehriban görüşüb-öpüşür, zarafatlaşır, heç nə büruzə vermirlər. Yəni, bu erməni ustalığı, bicliyidir. Zala daxil olduq, indiki kimi yadımdadır, bizi qabaqdan üçüncü sırada oturtdular. Səhnədən arxa qapı açıldı. Rəyasət Heyətində DQMV Partiya Komitəsinin birinci katibi Boris Gevorkov, Əsgəran rayonunun birinci katibi Qriqoryan və bizim tanıdımadığımız əlavə iki nəfər də var. Gevorkov iclası açıq elan etdi və Bakıdan gələnləri təqdim etdi. Demək, bunlar Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Kanovalov, digəri isə Mərkəzi Komitədə inzibati şöbənin müdiri işləyən rəhmətlik Məhəmməd Əsədovdur. Gevorkov çıxışa başladıqdan təxminən 1 dəqiqə keçdikdən sonra zalda bizdən başqa nə qədər insan varsa, hamısı ayağa qalxdı, fit çalan kim, söyüş söyən kim, qışqıran kim, ayağını yerə döyən kim… Elə həmin gün Dağlıq Qarabağda separatçı hərəkat başladı. Mən çox yerdə demişəm, indi də demək istəyirəm ki, Qarabağda separatçı hərəkat 1988-ci il fevralın 13-də deyil, 12-də başlayıb. Ermənilərin ilk açıq etirazı 1988-ci il fevral ayının 12-də Əsgəran Rayon Partiya Komitəsinin binasında və partiya komitəsinin qarşısındakı meydanda başlayıb.
Bundansonra Rəyasət heyətində oturanlar qaçıb aradan çıxdılar. Biz qaldıq ermənilərin arasında. Böyür-başımızda olan ermənilərdən soruşuruq ki, nə məsələdi? Gördük ki, bayaq bizə salam verənlər, görüşüb-öpüşənlər artıq bizə salam vermir. İndi bizi “yola salmağa” hazırlaşırlar. Arxamızca təpik vuran kim, başımızın arxasına şapalaq qoyan kim, tüpürən kim, söyən kim… Biz də neyləməliyik, qalmışıq ortalıqda. Yüyürüb rəyasət heyətində oturanlar çıxan qapıdan çıxdıq. Gördük qapı da bağlıdır. Nəhayət, Əsgəran milis şöbəsinin rəisi Karlen Ağacanyan qapını açdı və bizi içəri saldı. Ağacanyan milisləri çağırdı, onlar biz 6 nəfəri çıxardılar, maşınlarımızadək yola saldılar. Binadan çıxanda baxdıq ki, bütün ətraf kəndlərdə yaşayan ermənilərin hamısı yığışıb Əsgərana. O vaxt Əsgəranda bu qədər əhali yox idi. Cəmi 2 min əhalisi vardı. Demək, komanda verilib və bütün ermənilər kənardan Əsgərəna gətirilib.
Səhəri gün – 13 fevralda Xankəndidə aramsız mitinqlər başladı. Fevralın 12-də biz axşam Xocalıya gəldik və mən camaatı yığıb onları Əsgəranda baş verənlərlə bağlı məlumatlandırdım. Qərar verdik ki, biz artıq özümüzü müdafiə etməliyik. 1988-ci il fevralın 12-i axşamdan Xocalı ətrafında, onun böyür-başında olan təpələrin üstündə, kənarlarda postlar qurduq, postlarda durmağa başladıq. Çünki ətrafımız hamısı erməni yaşayış məntəqələri idi. Xocalının ətrafında ikinci elə bir azərbaycanlı yaşayış məntəqəsi yoxdur ki, birbaşa Xocalı ilə əlaqəsi olsun. Hansısa yaşayış məntəqəsinə keçmək üçün ən azı 2-3 erməni kəndindən keçməlisən. Ətraf hamısı erməni yaşayış məntəqələri idi, Xocalı ortada tək idi. Biz 4 il orda müharibə şəraitində qorunduq, yaşadıq. Məsələlər belə başladı.
– Ermənistandakı indiki erməni rejiminin başçıları həmin prosesdə hansı rol oynadılar? Onlarla tanışlığınız barədə danışmağınızı istərdik…
Köçəryanla, Sərkisyanla yoldaşlıq edirdik
– O dövrdə Dağlıq Qarabağda tanınan və yaşlı nəslin nümayəndələri olan çox məşhur, çox güclü ermənilər var idi. Məsələn, Dadamyan, Melkumyan, Manuçarov, Davityan, Poqosyan və digərləri tanınan, vəzifəli və Dağlıq Qarabağda sayılan ermənilər idi. O vaxtlar bunlar irəlidə idilər. Digər dəstə isə gənc nəsil idi. Bu sıraya Robert Köçəryan, Serj Sərkisyan kimilər daxil idilər. Köçəryan kim idi? Onun Dağlıq Qarabağda ən böyük vəzifəsi Qarabağ İpək Kombinatının partiya komitəsinin sədri vəzifəsi olmuşdu. Bundan böyük vəzifəsi olmayıb. Mən bir neçə il bundan əvvəl ermənilərə istehza ilə “erməni xalqı, görün siz nə günə qalmısınız ki, Azərbaycanda bir kombinatın partkomu olan birisi – bir tüfeyli, küçədə qalmış sizə prezidentlik edir” yazmışdım. O vaxtlar Köçəryanın, Sərkisyanın dəstəsi komsomol, partiya işçiləri idi. Bəli, biz bir yerdə işləyirdik, bir yerdə çörək yeyirdik, oturub-dururduq, yoldaşlıq-dostluq edirdik. Hamı bir-biri ilə qaynayıb-qarışmışdı. O zaman bunların kimliyi bilinmirdi, ola bilsin, biz bilmirdik. Sonradan bildik ki, Moskva bu gənclər qrupunu hazırlayıb, əl altında hazır saxlayırmış. Yəni, görək ilkin məhrələ necə olacaq, bu gənc nəsil güdaza getməsin. İlkin mərhələrni keçəndən sonra bunları gətirəcəyik. Elə də oldu. Həmin o dediyim məşhurlar dəstəsi 1991-ci ilədək ortada oldular. Ondan sonra bunları aradan çıxardılar və Köçəryan-Sərkisyan dəstəsi irəli çıxdı.
DQMV-də ən hüquqsuz qrup azərbaycanlılar idi
– DQMV-də azərbaycanlı əhalinin güzaranı, gündəlik həyat tərzi necə idi? Onların vəzifədə təmsil olunmaları və sair məsələlələr necə tənzimlənirdi?
– Təsəvvür edin, hətta azərbaycanlıların böyük çoxluq təşkil etdikləri Şuşa rayonunun ikinci katibi, icraiyyə komitəsi sədrinin birinci müavini həmişə erməni olurdu. Əsgəran rayonunda azərbaycanlılar üçün rəhbərlikdə iki iş yeri var idi – ya icraiyyə komitəsi sədrinin müavini, ya da rayon partiya komitəsinin ikinci katibi. Vəssəlam. DQMV-ni götürək. Vilayət partiya komitəsində azərbaycanlılara 4 yer ayrılırdı: inzibati şöbənin müdiri, ideoloji şöbənin müdir müavini, bir təlimatçı və bir mühazirəçi. DQMV guya Azərbaycana məxsus idi, amma vilayət partiya komitəsində azərbaycnlılara cəmi 4 yer ayrılırdı. Vilayət icraiyyə komitəsində sədrin müavinlərindən biri, bir də şöbələrdə bir-iki təlimatçı, vilayət komsomol komitəsində ikinci katib və bir təlimatçı, vilayət prokurorluğunda bir müstəntiq, vilayət milis şöbəsində müavin və bir-iki sıravi işçi azərbaycanlı olurdu. Yəni, sənədlərdə DQMV-nin Azərbaycan SSR-ə aid olduğu göstərilirdi, ancaq vilayətdə ən hüquqsuz, hüquqları tapdanan, əziyyət çəkən qrup orda yaşayan azərbaycanlılar idi. Biz bütövlükdə, tamamilə ermənilərdən asılı idik. Məsələn, biz orda yaşadığımız, işlədiyimiz müddətdə Bakı tanımazdıq. Bütün işlərimiz, bütün həyatımız Dağlıq Qarabağla bağlı idi. Onlar qara-qışqırıq qaldırdılar ki, burda ermənilərin hüquqları pozulur, sosial-iqtisadi vəziyyət pisdir-filan. Bütün bunlar erməni yalanı idi. DQMV-nin mərkəzi Xankəndidə olan inkişaf, əhalinin sosial rifah halı Azərbaycanın heç bir regionunda yox idi. Məsələn, biz Azərbaycanın rayon mərkəzlərinə, deyək ki, Ağdama, Bərdəyə gedirdik, görürdük ki, palçığın içində itib-batırlar. Amma Xankəndi başdan ayağa asfalt, təmiz, gözəl, çiçəklənmiş, bir sözlə hər şey yüksək səviyyədə idi.
1923-cü ildə DQMV heç bir hüquqi əsası olmadan Moskva tərəfindən yaradıldığı gündən Azərbaycanın altına bu bomba qoyulmuşdu. Onun nə vaxt partlayacağı gözlənilirdi və 1988-ci ildə partladı. “Dağlıq Qarabağ Respublikası”-filan bunlar hamısı aralıq mərhələlərdir. Ermənilərin son məqsədi bütün bu əraziləri Ermənistana birləşdirməkdir. Bu məqsəd qarşıya indi yox, 500 il bundan qabaq qoyulub.
Polyaniçko ilə yola getmirdik
– Vilayətdə ermənilərə qarşı çıxan bir insan olaraq Sizin 1991-ci ildən Xocalı şəhərinə rəhbərlik etməyə başlamağınız, bildiyimiz qədər o qədər də asan olmayıb. Baxmayaraq ki, Xocalı azərbaycanlıların yaşadığı yaşayış məntəqəsi idi…
– Mən özüm xocalıyam, valideynlərim, babalarım xocalıdır. Biz köklü xocalıyıq. Xocalıda bir Kərbalayı Abış qayası var idi. O qaya mənim atamın ulu babası Kərbalayı Abışın adı ilə adlandırılmışdı. Yəni, bu bizim tariximizdir. Xocalı çox qədim yaşayış məskənidir. Xocalıda qazıntılar gedirdi, tunc dövrünə aid Xocalı-Gədəbəy mədəniyyəti aşkarlanmışdı. Bu hadisələr başlayanda mən Xocalı kənd sovetinin sədri idim. 1990-cı il aprelin 4-də Xocalıya şəhər statusu verildi və mən Xocalı şəhər sovetinin sədri oldum. 1991-ci il aprelin 4-də, yən düz bir il sonra Xocalıda ərazi partiya komitəsi və Xocalı ərazi İcraiyyə Komitəsi yaradıldı. Azərbaycan Məkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko təbii ki, məni xoşlamırdı, yola getmirdik. O, əl altından iki-üç nəfər hazırlamışdı. Onlardan birini katib seçdirəcək, digərini katib qoyduracaqdı. Onların heç biri Xocalıdan deyildi. Həmin yığıncaq saat 10:00-da “Aqroprom”un binasına təyin olunmuşdu. Camaat gəlib oranı mühasirəyə aldı. Polyaniçko məcbur olub iclasın yerini bir kilometr aralıda yerləşən fabrikə dəyişdirdi. Elə bildi ki, camaat ora gəlməyəcək. Əksinə, ora daha çox camaat gəldi. Polyaniçkonun ciddi-cəhdinə baxmayaraq camaat onun təqdim etdiyi adamların seçilməsinə imkan vermədi. Heç Polyanişkonu danışmağa da qoymadılar. Dedilər, bizim burda bir rəhbərimiz var, o da Elman Məmmədovdur və partiya komitəsinin katibi də, icraiyyə komitəsinin sədri də o olacaq. Polyaniçko çox israr etdi, dedi ki, iki vəzifəni bir adama vermək olmaz. Camaat dedi olar, biz belə istəyirik. Yəni, 1991-ci ilin aprelin 4-dən mən Xocalı ərazi partiya komitəsinin birinci katibi və Xocalı ərazi İcraiyyə Komitəsinin sədri idim.
SSRİ-nin dağılması ərəfəsində, 1991-ci ilin sentyabrın 15-də Bakıda Azərbaycan Kommunist Partiyasının sonuncu qurultayı keçirildi və partiya buraxıldı. Həmin ilin oktyabrın 29-da Xocalı Şəhər İcra Hakimiyyəti yaradıldı və mən icra hakimiyyətinin başçısı təyin olundum. Xocalıya rayon statusu 1991-ci il noyabrın 26-da verildi. Azərbaycan Ali Sovetinin sessiyasında DQMV-nin statusu ləğv olundu. DQMV-nin tabeliyində olan Əsgəran rayonu da ləğv olundu və bu rayonun bazasında mərkəzi Xocalı şərəhi olmaq şərtilə rayon yaradıldı və mən rayon icra hakimiyyətinin başçısı oldum. Hadrut və Martuni rayonları ləğv olundu, onların bazasında Xocavənd rayonu və Xocavənd Rayon İcra Hakimiyyəti yaradıldı. Mardakert rayonu ləğv olundu, onun bazasında Ağdərə rayonu və Ağdərə Rayon İcra Hakimiyyəti yaradıldı.
Pərviz Cəbrayıl: – Maraqlıdır, bəs SSRİ rəhbərliyi Azərbaycan SSR Ali Sovetinin DQMV-nin statusunu ləğv etməsinə, həmçinin, inzibati-ərazi quruluşu ilə bağlı digər addımlar atmasına nə əcəb icazə verirdi?
– O zaman artıq SSRİ yox idi. SSRİ faktiki olaraq 1991-ci ilin sentyabrında dağıldı, bunun rəsmiləşdirilməsi isə həmin ilin dekabrında baş tutdu.
Mütəllibovun məndən zəhləsi gedirdi
– Ancaq SSRİ olmasa da, həmin dövrdə ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov Moskvanın təsiri altında idi…
– Bu, təbii ki, elə idi. SSRİ-nin ləğvi rəsmi qaydada olsa da, hələ asılılıq var idi. Təsəvvür edin, avqustda Moskvada QKÇP hadisələri oldu. Ancaq Boris Yeltsin hələ seçilməmişdən əvvəl öz-özünü bir növ prezident elan edib, bu cür hərəkət edirdi. 1991-ci ilin payızında Yeltsin Nursultan Nazarbayevlə birlikdə Azərbaycana gəldi. Gəncəyə uçdular. Mən və Şuşanın rəhbərləri - rəhmətlik Vaqif Cəfərovla Mikayil Gözəlov idi. Biz Gəncədə Yeltsindən qabaq onun köməkçisi Gennadi Burbilislə görüşdük. Gecə Burbulislə oturduq, yemək yedik. Səhər Yeltsin gəldi. Yeltsinlə söhbətləşdik, şərtlərimizi dedik. Söhbətdə Ayaz Mütəllibov, daxili işlər naziri Məhəmməd Əsədov, Mərkəzi Komitənin katibi Telman Orucov, Dövlət Təhləsizlik Komitəsinin sədri Vaqif Hüseynov iştirak edirdi. Səhəri gün tezdən saat 7-də vertolyotlarla Xocalı aeroportuna düşdük. Ordan da Xankəndinə gedildi. Mən necə demişdimsə, o cür də bir əhvalat oldu.
Yeltsin Xankəndidə ermənilərə “Ya s vami” dedi
Bilirsiniz, bir az laqeydliyimizə, bəlkə də qətiyyətsiz, qorxaqlığımıza görə müəyyən məsələlərdə çox vaxt uduzmuşuq. Məsələn, rəhbərliyin rəsmi söhbətindən sonra Yeltsin qonaq evinin həyətində oturdu. Bir tərəfində Nazrbayev, bir tərəfində də Mütəllibov əyləşdi. Yeltsin Dağlıq Qarabağdan gələnlərlə söhbət etmək istədiyini dedi. Dağlıq Qarabağdan da, qeyd etdiyim kimi, biz üç azərbaycanlı və Şaumyan kənd rayonundan olan Ağacanyan soyadlı biridir. Birdən soruşdu ki, kimin nə sualı var, kim nə demək istəyir? Təbii ki, heç kim heç nə deməyəcəkdi. Mən həmişə olduğu kimi yenə də partizanlığa başladım. Ayaz Mütəllibovun buna görə məndən zəhləsi gedirdi, məni qəbul etmirdi. Dedim ki, Boris Nikolayeviç, mənim sözüm var. Dedi, buyur. Dedim bundan bir qədər öncə, rəsmi hissədə rəhbərliklə razılaşdınız ki, Xankəndinə gedəndə hamı üzərində Azərbaycan bayrağı olan binaya daxil olacaq. O bina DQMV Partiya Komitəsinin binasıdır, Azərbaycan bayrağı onun üzərindədir və görüş orda keçiriləcək. Dedi ki, hə. Dedim ancaq mən bilirəm ki, elə olmayacaq. Dedi, niyə olmayacaq? Dedim, ona görə ki, üç gün bundan əvvəl Zori Balayan Qalina Staravoytova ilə birlikdə Yerevandan vertolyotla Xankəndinə gəliblər və sizinlə görüşün ssenarisi hazırlanır. Ssseanri də belədir ki, ermənilər sizi Xankəndinin mərkəzində mitinqlə qarşılayacaq və mitinqə aparacaqlar. Sizin o binaya daxil olmağınıza imkan verməyəcəklər. Yeltsin hirsləndi ki, ola bilməz, sən nə daşırsan? Burbulisi çağırdı ki, öyrən gör Qalina hardadır? Burbulis də qırağa çəkildi, yalandan kiminləsə danışdı, ya danışmadı, gəldi dedi ki, Boris Nikolayeviç, Qalina Moskvadadır. Yeltsin çox bərk hirsləndi, qışqırdı ki, görürsən, Qalina Moskvadadır. Dedim ki, Boris Nikolayeviç, Qalina Moskvada deyil, Xankəndidədir. O vaxt Xankəndi deyil, Stepanakert deyirdik. Yeltsin yalan oldu, Mütəllibov məni ondan da bərk danladı ki, sən ağlına gələni danışırsan. Dedim ki, Ayaz müəllim, vallah, elədir. Sabah görəsəksiniz.
Bu gün həmin görüşün sağ olan şahidləri var – Telman Orucov, Vaqif Hüseynov, Ayaz Mütəllibov sağdır. İndi boyunlarına almasalar da, mən bunu demişəm və sözümün üstündə dururam.
Nə isə, səhəri gün biz Xocalı aeroportuna düşüb maşınlarla Xankəndiyə getdikdə, şəhərin mərkəzində dairəvi park var, o parka çata-çatda ermənilərdən ibarət böyük bir kütlə maşınların qabağına çıxdı. On-on beş min erməni maşınların qabağına çıxdı. Maşınlar dayandı, qapılar açıldı, Yeltsini düşürdülər, qaldırdılar başlarının üstünə, meydanda xalça ilə bəzənmiş tribunaya çıxardılar. Yeltsin mikrofona yaxınlaşdı. Onun ilk sözü “Doroqie armyanskie druzya! Ya s vami!!!” oldu. Bununla da məsələ bitdi.
Zahid Nurəliyev: – Görünür, Yeltsinin gəlişinin məqsədi də elə ermənilərə dəstək verməkdən ibarət imiş…
– Elədir, Yeltsin ermənilərə dəstək verməyə gəlmişdi. Bunu biz başa düşmürdük, biz elə bilirdik ki, Yeltsin gəlib bizim üçün xeyirli iş görəcək. Yetlsinin gəlişində məqsəd o imiş ki, erməniləri arxayın etsin, qorxmayın, mən sizinləyəm, desin. Vəssəlam. Görüş-filan da baş tutmadı. Orda hamımızı vurdular. Tanınmış jurnalist Nadejda İsmayılovanı lap bərk vurdular, başını-gözünü əzdilər. Türk jurnalist vardı, onu oğurlayıb apardılar, min cür zülmlə qaçıb bunaya girdik ki, ayaq altında qalmayaq.
Uduza-uduza gəlib bugünki 30 illiyə çıxdıq
P.Cəbrayıl: – Nazarbayev də orda idi?
– Bəli. Nazarbayev də orda idi. Yəni, bu növbəti bir səhv idi. Gəncədə olduğumuz gecə işçilərimlə danışmışdım, onlara tapşırmışdım ki, səhər saat 7-də biz ora düşəndə Xocalı ziyalıları, ağsaqqalları, məktəbliləri duz-çörəklə, musiqi ilə Yeltsinin qabağına çıxsınlar. Bizim rəhbərlik bunu bildi və mənə dedilər ki, elə şey etmə-filan, tapşırıq ver heç kim çıxmasın və sair. Görün, növbəti uduzmağımız nədə oldu?! Vertolyotlar ki, Xocalı aeroportuna düşdülər, gördük, erməni keşişi qabaqda, onun arxasında erməni qızı erməni milli paltarında duz-çörəklə, milli geyimdə olan erməni oğlanları-qızları zurna-balabanla Yeltsini qarşıladılar. Yeltsində bu qənaət yarandı ki, bura erməni torpağıdı. Erməni keşişi gəlir, başında xaç, əlində xaç, digər ermənilər bunu qarşıladılar. Biz bu məsələdə də uduzduq. Bilirsiniz, siyasətdə çevik, fəaliyyətdə qətiyyətli, cəsarətli olmayanda, kiminsə dalınca sürünəndə uduza-uduza gedirsən. Bax, addım-addım, söz-söz uduza-uduza gəlib bugünkü 30 illiyə çıxdıq.
Vəzirov sevinclə dedi ki…
S.Həmid: – Bu sırada yaşadığımız ən böyük faciə Xocalı soyqırımı oldu. Bizi Xocalı soyqırımına aparan yol barədə danışmağınızı istərdik…
– 1988-ci ildən etibarən Xocalıda gündəlik gərgin həyat başladı. Demirəm ki, hər gün toqquşma olurdu, – bu, yalan olar – ancaq vaxtaşırı münaqişələr, qarşılaşmalar, gərginlik, yaralananlar, arada ölüm halları, qorxu, təlaş olurdu. Əvvəlcə Moskvanın tabeliyində olan Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi yaratdılar. Bir il o işlədi. Ardınca Polyaniçkonun rəhbərliyi ilə Təşkilat Komitəsi yarandı. Volskinin komitəsi yaradılanda Əbdürrəhman Vəzirov televiziyada sevinclə dedi ki, daha biz bu problemlə məşğul olmayacağıq, artıq Moskva məşğul olacaq. Yəni, millilikdən uzaq bu başçılarla biz tədricən uduza-uduza gedirdik. Bu, artıq elə bir vəziyyətə gətirib çıxardı ki, 1991-ci ilin sentyabr-oktyabrından daha milli münaqişə olmadı, əsl müharibə başladı. Biz həmişə olduğu kimi yenə öz müdafiəmizlə məşğul olurduq, Azərbaycan Müdafiə Nazirliyi yarandı.
Xocalı 4 ay tam mühasirədə yaşadı
Mənə tapşırıq verildi, mən də Xocalıda xocalılardan ibarət yerli özünümüdafiə batalyonu yaratdım. Təbii ki, hərbçimiz yox idi. Hamısı mülki insanlardan ibarət idi. Oktyabrın 31-dən noyabrın 1-nə keçən kecə Əsgəranda bizim bir UAZ-ımızı vurdular, 2 nəfər öldü, 1 nəfər yaralandı. Həmin gündən ermənilər Əsgəran qalasını bağladılar və Azərbaycanın digər əraziləri ilə bizim quru yolla əlaqəmiz kəsildi. Biz 4 ay – Xocalının son gününədək tam mühasirədə yaşadıq. O 4 ayda 20-30 dəfəyə yaxın rus hərbçilərinin köməkliyi, onlara xahiş-minnət etməklə kolon düzəldirdik. Hərbi maşınlar öndə, arxada getmək şərti ilə yük maşınlarımızı ərzaq, dava-dərman gətirmək üçün Ağdam tərəfə keçirirdik və vertolyotlardan istifadə edirdik. Təbii ki, yaralılarımız, xəstələrimiz olurdu, ehtiyacı olanlar olurdu. Hərbçilərin köməyindən bu məqsədlə qeyd etdiyim qədər istifadə etdik.
Uşaqlar cənazəni sürüyə-sürüyə qəbrə saldılar
1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyotu ermənilər Xankəndi üzərində vurdular, 41 nəfər həlak oldu. Bununla mülki vertolyotların uçuşu da dayandı. Fevralın 9-da rəhmətlik Əlif Hacıyevin generatorlarımızı işlətmək üçün gətirdiyi 2 çəllək yanacağı düşürəndə mən həmin vertolyotla Ağdam tərəfə keçdim və ordan Bakıya gəldim. Rəhbərliklə görüşdüm, vəziyyəti izah etdim. Yenidən Ağdama qayıtdım. Fevralın 11-dən 12-ə keçən gecə ermənilər Malıbəyli və Quşçuları işğal etmişdi. Fevralın 13-ü səhər 9-da mən Gəncənin hərbi aeroportunda idim. Daxili işlər naziri Tahir Əliyev mənə xəbər göndərmişdi ki, saat 9-da burda ol. Getdim ki, Tahir Əliyev, müdafiə naziri Dadaş Rzayev, Gəncənin o vaxtkı başçısı Səbuhi Abdinov, Gəncənin polis rəisi Eldar Həsənov, onun müavini Ramiz Cahingirov da burdadır. Onlar mənə kömək etdilər və mən həmin gün hər dəfə 3 ədəd Mi-26 tipli vertolyot olmaqla, onları 2 dəfə havaya qaldıra bildim. Xocalıya xeyli silah-sursat, un, çörək, yanacaq gətirdik. Bununla da Xocalıya hərbi vertolyotların da uçuşları başa çatdı.
Gündəlik döyüşlər başlayıb, yaralananlar, ölən var, ölənləri dəfn edə bilmirik. Atəş altında qalmışıq. Təsəvvür edin ki, fevralın 19-da rəhmətlik Aqil Quliyevin olduğu post tərəfdə – Həsənabad istiqamətində döyüş oldu. Orda xeyli sayda erməni öldürüldü. Həmin döyüşdə Musayev İlqar Vaqif oğlu şəhid oldu, Aqil özü isə yaralandı. Biz o şəhidi çox çətinliklə dəfn edə bildik. Qəbiristanlıq qayanın üstündə – hündürdə idi. Uşaqlar cənazəni sürüyə-sürüyə qəbrə saldılar.
Bütün Azərbaycandan cəmi 21 könüllü köməyə gəldi
Ümumiyyətlə, Xocalı çökəklikdə yerləşirdi. Erməni kəndləri isə hündürdə idi. Yəni, biz davamlı atəş altında idik. Nə gəldi atırdılar. Yəni, Xocalının coğrafi mövqeyi elə idi ki, gizlənməyə şərait yox idi.
Çox təəssüf ki, bütün Azərbaycandan bizə o dövrdə köməyə Aqil Quliyevin rəhbərliyi ilə cəmi 21 nəfər könüllü gəldi. Onları da heç kim göndərməmişdi, öz ürəklərinin hökmü ilə gəlmişdilər və son anadək xocalılarla birlikdə qəhrəmanlıqla döyüşdülər. Başda Aqil Quliyev olmaqla onlardan 12 nəfəri qəhrəmancasına həlak oldu. Allah onların hamısına rəhmət eləsin.
Müdafiə Nazirliyinin adı var idi
Yəni, biz çox böyük ümidlə gözləyirdik ki, Azərbaycan bizə köməyə gələcək. Bizi darda qoymazlar. Amma gəlmədilər. Gəlmədilər, ya gələ bilmədilər, ya təşkil edən olmadı. Bilirsiniz, o dövrdə Azərbaycanda bir dərəbəyklik, qanunsuzluq hökm sürürdü, bir başıpozuqluq var idi. Düzdür, Müdafiə Nazirliyi yaradılmışdı, ancaq adı var idi. Vahid komandanlıq yox idi ki, Ağdamda olan 8-10 dəstəni bir yerə yığıb vahid bir komanda altında birləşdirələr. Bakıda oturan siyasətçilərin hərəsinin bir batalyonu var idi. Onlara nə komanda versəydilər, onu da yerinə yetirirdilər. Bu da fəlakətə gətirib çıxardı. Azərbaycanda kifayət qədər qüvvə, vətənpərvər oğlanlar var idi. Ancaq bu gücləri vahid komanda altında birləşdirmək lazım idi. Bunu edə bilmədilər. O güclər birləşdirilsəydi, Əsgəran təbii ki, o güclərin qarşısında tab gətirə bilməzdi. Onlar o zolağı vurub keçib Xocalıya gələcəkdilər. Onlar Xocalıya gəlsəydi, aşağıdan biz – Xocalı, yuxarıdan Şuşa hücuma keçəcəkdi. Xankəndi avtomatik təslim, məhv olub aradan çıxacaqdı.
CBC-də erməni dilində verilişə baxanda heç nə başa düşmürəm
S.Həmid: – Bioqrafiyanızda erməni dilini bildiyiniz yazılıb. Hələ yadırğamamısınız ki, bu dili?
– Dağlıq Qarabağda yaşayan insanlar, xüsusilə vəzifədə olanlar istər-istəməz ermənicə danışmağı bilməlidir. Hətta, yuxarı vəzifələri tutanlar, erməni dilini qrammatik cəhətdən də öyrənirdilər. Yəni, həm yaza, həm də danışa bilirdilər. Bizim bildiyimiz erməni dili isə Qarabağ danışıq dilidir. Bu gün CBC televiziyasında erməni dilində veriliş yayımlanır. Mən ona baxanda heç nə başa düşmürəm. Bir az qulaq asandan sonra söhbətin nədən getdiyinin mənasını anlaya bilirəm. Amma ümumən dərk edə bilmirəm.
Qarabağ ermənilərinin dili, ləhcəsi onlardan çox fərqlidir. Orda danışıq dilini bilməyən azərbaycanlı demək olar ki, yox idi. Məsələn, Xankəndidə yaşayan 16-17 min azərbaycanlı erməni dilində elə danışırdılar ki, ermənilər onların azərbaycanlı olduğunu seçə bilməzdilər. Eləcə də Şuşada, Gəncədə və rayonlarda yaşayan ermənilər azərbaycanca bizim kimi danışırdılar. Yəni, həyatın tələbi bu idi. Kim nə bilərdi ki, bu namərdlər 1905, 1918-ci illərdə törətdiklərini yenə törədəcəklər.
Həmin imperiyadır, sadəcə adı dəyişib
Mən Yerevana ilk dəfə 1975-ci ildə riyaziyyat müəllimi kimi ekskursiyaya getmişəm. Bizim qrupun tərkibində olan 3 nəfərdən ikisi məktəb direktoru idi. Yerevana gedən turistləri ilk növbədə həmin qondarma soyqırımı abidəsini ziyarət etməyə aparırdılar. Orda deyirdilər ki, “türklər bizim düşmənimizdir, onlar 1,5 milyon erməni qırıblar”. Ancaq ermənilərin qırdıqları azərbaycanlılar barədə danışmaq olmazdı. Əksinə, 1918-ci ildə ermənilərin öldürdüyü azərbaycanlıların qəbirlərini dağıdıb orda Sergey Kirova nəhəng heykəl qoymuşduq. Sovet hökuməti bu idi. Moskva bu gün də həmin Moskvadır. Adı dəyişib. Əvvəl SSRİ-nin paytaxtı idi, indi Rusiya Federasiyasının. Həmin imperiyadır.
Amerikalı həmsədr dedi, bilirəm, bizi ən çox tənqid edənlərdən biri sizsiniz
– Elman müəllim, biz hər dəfə Sizdən açıqlama, müsahibə alanda həmsədrləri haqlı olaraq kəskin tənqid edirsiniz. Fevralın əvvəlində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endrü Şoferlə görüşünüz oldu. Yəni, imkan yarandı ki, bu tənqidləri həmsədrlərdən birinin birbaşa üzünə deyəsiniz. Maraqlıdır, görüş necə keçdi, həmsədrə nə dediniz?
– Amerikalı həmsədrlə zəngilanlı məcburi köçkünlərin yaşadığı Masazır qəsəbəsində görüşdük. Onlara kifayət qədər söz demək imkanımız oldu. Həmsədrlərlə, səfirlərlə biz adətən bir neçə dəfə görüşmüşük. Həmişə bir vaxt məhdudiyyəti qoyublar ki, yarım saat, 20 dəqiqə vaxtımız var. Xoşbəxtlikdən bu dəfə vaxt məhdudiyyəti olmadı və biz Zəngilan qaçqınları ilə ümumu görüşdən sonra zəngilanlı bir məcburi köçkünün mənzilində çay süfrəsi arxasında onlarla çox geniş söhbət etdik. Biz tərəfdən görüşdə Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin sədri Bayram Səfərov, icmanın İdarə Heyətinin üzvü Fərhad Bədəlbəyli, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini və mən iştirak edirdim. Ümumən, götürdükdə hər birimiz Azərbaycan xalqını maraqlandıran nə varsa, hamısını dedik və soruşduq. Kifayət qədər geniş, açıq, səmimi söhbət oldu. Onlar da təbii ki, diplomatdılar. Elə məsələlər var ki, birbaşa cavab verdilər. Elə məsələlər də var ki, dolayı. Ancaq çox maraqlı, effektiv görüş oldu.
Mən dedim ki, xətrinizə dəyməsin, əsas məsələ sizin təmsil etdiyiniz dövlətlərin bu problemin həllinə baxışıdır. Yəni, burda şəxslər heç nəyi həll edə bilməz. Dedim, yeni həmsədr kimi biləsiniz ki, bu illər ərzində sizin qrupu Azərbaycanda ən çox tənqid edən və sizin ünvanınıza ən çox xoşagəlməz fikirlər söyləyən iki nəfərdən biri mənəm. Dedi, bilirəm, məlumatım var. Ötən 7 ayda çox şeyləri oxumuşam.
Səfir işğalı etiraf etdi
Çox maraqlı söhbətlər oldu. Onlardan bir sıra etiraflar aldım. ABŞ səfiri Robert Sekutaya dedim ki, cənab səfir ikinizdən də soruşuram, siz Azərbaycanın 20 faiz torpağının erməni işğalı altında olduğunu etiraf edirsinizmi? Dedi, hə. Dedim ki, çox sağ olun. Bu, bizim üçün çox vacibdir. Yaxşı, bunu ABŞ etiraf edirsə, bəs niyə qondarma rejimi mükafatlandırırsınız? Dedi, necə mükafatlandırırıq? Dedim ki, sizin dövlət və dünyanın heç bir dövləti tərəfindən tanınmamış cinayətkar, separatçı, qondarma rejimə hər il maliyyə yardımı göstərirsiniz. Bəs bu, onları həvəsləndirmək deyil? Demək, siz onların yaşamasına və işləməsinə şərait yaradırsınız. Dolaysıyla, siz onları tanıyırsınız. Tanımırsınızsa, onlara niyə yardım göstərirsiniz? Başlarını saldılar aşağı.
Dedim, bu suala bir kişi kimi cavab verin
Sonra dedim, sizə axırıncı sualımı veririəm. Bunu millət vəkili kimi deyil, bir vətəndaş, bir insan kimi verirəm. Xahiş edirəm, siz də mənə diplomat kimi cavab verməyin, ABŞ vətəndaşı, bir insan, bir kişi kimi cavab verin, mövqeyinizi bildirin. Dedilər ki, olar, buyur. Dedim, Azərbaycan kimi ərazinizin 20 faizi yox, fərz edin ki, kiçik bir kəndinizi, ya şimaldan Kanada, ya da cənubdan Meksika işğal edib. Siz buna dözərsiniz? Dinmədilər. Dedim, siz bizə deyirsiniz ki, səbrli olun, qarşılıqlı etimad, dayanıqlı sülh olsun-filan. İndi sizdən soruşuram, mən sizə belə desəm, siz mənə necə baxarsınız? Siz bir amerikalı kimi işğala dözərsiniz? Dedilər ki, yox. Yenə dedim ki, çox sağ olun. Dedim, bəs özünüzə rəva görmədiyinizi bizə niyə rəva görürsünüz? Bizi niyə dözməyə çağırısınız? Biz nə istəyirik ki? Mən istəyirəm ki, doğulduğum Xocalıya gedəm, orda ermənilər tərəfindən uçurulub yandırılmış evimi düzəldib yaşayam, orda da öləm. Mən ayrı şey itəmirəm ki… Gördüm hər ikisi başlarını aşağı salıb, dinmir.
Yəni, bayaq dediyim fikrə qayıtmaq istəyirəm ki, burda diplomatların mövqeyi heç nəyi həll etmir, onun təmsil etdiyi dövlət siyasəti var. Bu gün də onların maraqları Dağlıq Qarabağ münaqişəsinin həllində üst-üstə düşür...