14 Avqust 2014 14:38
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin nümayəndə heyəti Türkiyədə keçirilən prezident seçkiləri ilə əlaqədar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təbliğat işində iştirak etmək üçün qardaş ölkədə rəsmi səfərdə olub. “Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində avqustun 6-11-də baş tutan səfərdə YAP Gənclər Birliyinın sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov təmsil olunub. S.Orucov səfərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin dəvəti ilə avqustun 6-dan 11-dək “Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində Türkiyədə səfərdə olduq. Azərbaycanın və Türkiyənin hakim partiyalarının gənclər birlikləri arasında çox yüksək səviyyəli münasibətlər mövcuddur. Bu baxımdan səfərimiz çox məhsuldar oldu, çoxsaylı rəsmi görüşlər keçirdik. Qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması istiqamətində müzakirələr apardıq. Bir sıra nazirlər, o cümlədən Avropa İttifaqı üzrə nazir Mövlud Çavuşoğlu, AKP-nin beynəlxalq əlaqələr üzrə müavini ilə görüşlərimiz oldu. Bundan başqa seçki prosesini izlədik, gənclərin gördüyü işlərlə maraqlandıq və təcrübə mübadiləsi barədə müzakirələr apardıq. AKP-nin Gənclər Birliyinin seçki prosesi zamanı nə işlər gördüyü ilə bağlı məlumat aldıq. Düşünürəm ki, Türkiyədəki seçkilər çox demokratik və ədalətli oldu. Biz təbii ki, ora müşahidəçi kimi getməmişdik. Amma orda bir sıra insanlarla ünsiyyətdə olduq. Seçkidən sonrakı proseslər də seçkinin həqiqətən demokratik keçdiyinin göstərdi və növbəti 5 il üçün Rəcəb Tayyib Ərdoğan Türkiyənin prezidenti seçildi. Bu isə bizim Türkiyə ilə bağlı işlərimizi sürətləndirməyimiz üçün bir şərait yaratdı. Təbii ki, AKP-nin çoxlu savadlı, qabiliyyətli, bacarıqlı gəncləri var və biz də onları YAP Gənclər Birliyinin bələdiyyə seçkiləri proqramında təcrübə mübadiləsində iştirak etməyə çağırdıq.

- Proqram çərçivəsində hansı tədbirlər həyata keçirildi?
- Mitinqlərdə iştirak etdik. İnsanların Ərdoğanı necə candan sevdiklərinin şahidi olduq. Təbliğat kampaniyasında iştirak edərkən biz AKP-nin bu prosesə, doğrudan da, çox yaxşı hazırlaşmış bir vəziyyətdə olduğunu gördük.

- Yəni, Ərdoğanın qələbəsi şübhə doğurmurdu...
- Türkiyəni sevməyən insanlar bunu deyə bilər. Bizim öz müşahidələrimiz, gənclərin fəaliyyətləri barədə bizə verdiyi məlumatlar, aparılan kampaniya Ərdoğanın sözsüz ki, qalib gələcəyini göstərirdi. Küçələrdə, ictimai nəqliyyatda söhbətləşdiyimiz insanlar da səslərini Ərdoğana verəcəklərini deyirdilər. Ancaq, əlbəttə bu mənim şəxsi fikirlərimdir. Çünki biz ora rəsmi müşahidəçi kimi, yaxud seçki qutusunda bülletenləri saymağa getməmişdik. Amma gördük ki, AKP bu prosesdə çox aktiv iştirak edib, gənclər qapı-qapı gəzərək kampaniya aparıblar. Elə bir kənd olmayıb ki, orada Ərdoğanın təbliğat kampaniyası aparılmasın, o kənddən Ərdoğana səs istənilməsin. Digər tərəfdən Türkiyədə həyata keçirilən böyük iqtisadi layihələr, görülən böyük işlər də insanların Ərdoğana səs verməsini şərtləndirirdi. Biz təbii ki, türk xalqının seçiminə hörmətlə yanaşırıq.

- Amma ana müxalifət partiyası CHP-nin başqanı Ərdoğanın cəmi 38 faiz səs aldığını, Milliyətçi Hərəkat Partiyasının başqanı isə seçkidə hiyləgərlik və yalan olduğunu bildirib...
- Türkiyənin daxili işlərinə qarışmaq kimi çıxmasın, amma müxalifət təbii ki, bu nəticə ilə barışmaya bilər. Bu, Türkiyənin öz daxilində həll olunası bir məsələdir. Amma mən gördüyüm proseslərdən danışmaq istəyirəm. Biz gördük ki, AKP üzvləri və tərəfdarları seçki prosesində çox aktiv çalışıblar. Hətta, təbliğat-təşviqat prosesinə son qoyulan saatdan bir an da kənara çıxma olmamışdı. Keçirilən mitinqlərin və orada iştirak edən insanların sayına baxdıqda da, Ərdoğanın seçkinin favoriti olduğu görünürdü.

- Səhv etmiriksə, AKP-nin qələbə mitinqində də iştirak etmisiniz...
- Bəli. Ərdoğanın məşhur “Balkon çıxışı” zamanı da orda olduq. Bundan əvvəl isə, yəni hələ təbliğat-təşviqat kampaniyası zamanı Ankarada keçirilən mitinqdən sonra baş nazir Ərdoğanın bizimlə çox isti görüşü oldu. Mitinq başa çatandan sonra AK Partinin dəvət etdiyi nümayəndə heyətləri Ərdoğana təqdim olundu. Baş nazir bizim heyətə xüsusi diqqət və ehtiram göstərdi, Azərbaycanın onun üçün müstəsna əhəmiyyət daşıyan, qardaş ölkə olduğunu bildirdi. Bunun da bir səbəbi var. Bu da cənab prezident İlham Əliyevlə Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətinin təzahürüdür.

- Amma Ərdoğan “Balkon çıxışı”nda nədənsə Dağlıq Qarabağdan məsələsindən bəhs etmədi. Baxmayaraq ki, Qəzzanın, Bağdadın, Sarayevonun, Skopyenin, Ramallahın, Qüdsün və bir sıra başqa yerlərin adlarını çəkdi...
- Çünki Azərbaycanın lideri var, Azərbaycanın İlham Əliyevi var. Ərdoğanın Azərbaycanla bağlı nəsə deməsinin elə bir effekti olmayacaqdı. Qəzzanın lideri yoxdur, Qəzza sahibsiz bir ərazidir. Yaxud da adlarını çəkdiyi digər dövlətlərin heç biri Azərbaycanla müqayisə ediləcək səviyyədə deyil. Azərbaycanın Qarabağla bağlı problemini bilən, bu yükü daşıyan və bu işi həll edə biləcək yeganə şəxs cənab prezident İlham Əliyevdir. Bunu bütün dünya xalqları da bilir. Ərdoğanın, yaxud hər hansı liderin Qarabağ probleminə həssaslığı cənab İlham Əliyevdən çox ola bilməz. Amma Türkiyə dövləti, görüşdüyümüz şəxslərin hamısı Rəcəb Tayyib Ərdoğanın komandası olaraq birbaşa Dağlıq Qarabağ problemi məsələsində birmənalı olaraq Azərbaycanın yanında olduqlarını bildirirdilər və Azərbaycan üçün nə lazımdırsa etməyə hazırdırlar.

- Bəzi ekspertlərin fikrincə, seçkidən sonra AKP-də, bunun ardınca da Türkiyədə siyasi böhran olacaq. Bu fikirləri bölüşürsünüzmü?
- Mən buna inanmıram. Türkiyədə olarkən mətbuatı da izlədim. Onu da deyim ki, Azərbaycanda olduğu kimi Türkiyədə də Qərbin bir sıra qərəzli, qeyri-səmimi mövqedə dayanan, yalnız müxtəlif qruplarla işləyən qeyri-hökumət təşkilatları çalışırlar. Həmin təşkilatlardan biri Türkiyədə sabitliyin pozulacağı barədə bəyanat verdi. Nəticədə, Türkiyə birjaları ən yüksək indeksə qalxdığı bir zamanda qardaş ölkədə xarici valyutanın kursunda mənfi mənada dəyişiklik yarandı. Bu da təxribat xarakterli bir məlumat idi. Türkiyədə seçkidən sonra siyasi böhran olacağı gözləntiləri yoxdur. Şəxsən mən bunu müşahidə etmədim və inanmıram ki, müşahidə olunsun. Çünki xalq demokratik yolla istədiyi insana səs verib. Digər tərəfdən tarixə nəzər salmaq lazımdır. 12 ildir ki, Türkiyənin tarixində güclü siyasi böhran olmayıb. Yalnız 1960-cı il 27 may hərbi çevrilişi yolu ilə baş nazir Adnan Menderes vəzifəsindən uzaqlaşdırılmış, 1961-ci ildə isə onu asaraq edam etmişdilər. Ondan sonrakı dönəmdə heç kim bu qədər müddətdə təkbaşına iqtidarda olmamışdı. Bu da onu göstərir ki, türk xalqı, türk milləti bu partiyaya, yaxud partiyanın liderinə müsbət mənada səs verir. Qeyd etdiyim kimi bu hakimiyyətin uzun müddət qalması, sevilməsi xalqla hökumət arasında böyük bir bağlantı olduğunu göstərir. Səhv etmirəmsə, AKP 8, yaxud 9 seçkidə iştirak edib və hamısında qalib gəlib. Siyasi böhranın gözlənildiyi bir yerdə bu qalibiyyət ola bilərmi? Təbii ki, mən bunları Türkiyənin daxili işlərinə qarışan bir insan kimi demirəm, şəxsi mülahizələrimiz və gördüklərim əsasında gəldiyim qənaətdir. Ona görə də Türkiyədə hakimiyyət böhranı olacağına dair deyilənlər hamısı təxribat xarakterli söhbətlərdir. Türk millətinin 74 faizi seçkidə iştirak etdi və 51,9 faiz səslə baş nazir Ərdoğan birinci turda qalib gəldi.

- Baş nazirin birlik uğrunda “Balkon çıxışı” onun əvvəlki sərt seçki kampaniyasından kəskin fərqlənirdi. Bu baxımdan biz Ərdoğanı prezident kimi hansı qisimdə görəcəyik; əvvəlkitək sərt çıxışlar tərəfdarı, yoxsa barışdırıcı kimi?
- Hökumətin Türkiyə konstitusiyasına dəyişikliklər edilməsi, yaxud hakimiyyətin bölüşdürülməsi ilə bağlı fikirləri mövcuddur. Hər halda bunu zaman göstərəcək. Amma onu deyə bilərəm ki, Ərdoğan türk milləti və dövlətinin güclənməsi, iqtisadiyyatının inkişafı üçün nəyi bacarırsa, onu da edir. Yaxud AKP-nin Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə irəli sürdüyü “Hədəf – 2023” strategiyasını göstərmək olar. Həmin strategiyaya görə, 2015-ci ildə adambaşına düşən milli gəlir 14 min dollara, 2023-cü ildə ümumi daxili məhsul 2 trilyon dollara çatmalıdır. Gənclərin işsizlik probleminin həlli üçün planlar mövcuddur. Bu hədəflərə çatmaq üçün Ərdoğanın əlindən gələcəyini edəcəyinə heç bir şübhəm yoxdur. Qarşıdakı illərdə Türkiyə daha güclü bir Türkiyə olacaq. Yəni, mənim düşüncələrim bundan ibarətdir ki, Türkiyənin iqtisadi, sosial, ictimai vəziyyəti daha da yaxşı olacaq. Beş ildən sonra baxdıqda Türkiyənin daha inkişaf etmiş dövlətə çevrildiyini görəcəyik. Təbii ki, dost, qardaş və tərəfdaş dövlətimizin bu cür inkişafı bizim üçün çox yaxşı haldır.

- Bəs, Abdullah Gülün gələcək siyasi taleyini necə görürsünüz?
- Abdullah Gül partiyasına qayıdacağını bildirib. Gül və Ərdoğan neçə ilin dostları, AKP-nin qurucu üzvləridir. Eyni amala xidmət edən, Türkiyəni, dövləti sevən insanlardır. Təbii ki, Abdullah Gülün gələcək siyasi taleyi ilə bağlı indidən bir söz demək tezdir. Amma Abdullah Gülün partiyasına necə qayıdacağı AKP-nin qurultayının, AKP-nin gələcək sədrinin və indiki liderinin verəcəyi qərardan asılı olacaq. Bu barədə mənim nəsə deməyim hər halda həqiqəti əks etdirməz.

Səxavət HƏMİD


Müəllif: