Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayının binasının fasadı zədələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə binada aparılan bərpa işləri ilə tanış olan şəhər meri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, sarayda bərpa işlərinin son mərhələsi həyata keçirilir.
“Ötən il biz binanın xarici fasadının restavrasiyasını başa çatdırdıq. Təəssüflər olsun ki, etiraz aksiyaları nəticəsində fasadın müəyyən hissəsi zədələnib”, - mer söyləyib.
K.Kaladze binanın daxilində də bərpa işlərinin fəal şəkildə aparıldığını qeyd edib.
“Güzgülü zal da bərpa olunur, əsas zal da tam təmir-bərpa ediləcək”, - o söyləyib.
Qeyd edək ki, Milli Gənclər sarayı Tbilisinin mərkəzindəki Rustaveli prospektində, parlament binası yaxınlığında yerləşir.