9 Yanvar 2019 20:13
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyənin Samsun şəhəri yaxınlığında “Volgabalt 214” gəmisinin qəzaya uğradığı ərazidə tapılan iki meyitinin heç biri Azərbaycan vətəndaşı gəmi kapitanı İsmayılov Turbat Kamil oğluna aid deyil.

Bu barədə Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Teleqraf.com-a deyib.

O bildirib ki, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə fasiləsiz olaraq əlaqə saxlayır. Dünən aşkarlanan meyitlər patoloji müayinədən keçirilib və şəxsiyyətləri müəyyənləşdirilib. Bunlardan heç biri azərbaycanlı kapitana aid deyil. Hazırda qəza baş verən bölgədə hava şəraiti kəskin dəyişdiyi üçün axtarışların helikopterlər və gəmilərlə aparılması müvəqqəti dayandırılıb. Dənizdə dalğa 3 metr səviyyəsinə qalxıb. Lakin çətin hava şəraitində axtarış aparılması nəzərdə tutulan texnikalarla davam etdirilir.

Qeyd edək ki, yanvarın 7-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb. Gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu həlak olub və onun meyiti sudan çıxarılıb.


Müəllif: Teleqraf.com