7 Mart 2022 15:26
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna arasındakı müharibənin gedişatında əsas məsələlərdən biri də mülki əhalinin təxliyəsidir. Deyərdim ki, bu, hazırda bir nömrəli mövzuya çevrilib. Belə olan təqdirdə bizim üçün prioritet məsələ Ukraynada yaşayan 600 minə qədər soyadışımızın taleyidir. Nəzərə alaq ki, hərbi əməliyyatlar zamanı həlak olanlar arasında soydaşlarımız da var.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bütün hallarda olduğu kimi, bu dəfə də öz vətəndaşlarının, soydaşlarımızın yanındadır:

“Bu, doğrudan da fəlakətli müharibədir. Hadisələr zamanı itkilərin sayının minimuma endirilməsi, itkilərin baş verməməsi üçün təxliyə məsələləri xüsusi önəm kəsb edir. Pandemiya dövründə olduğu kimi, burada da dövlət bütün mümkün vasitələrdən istifadə etməklə öz vətəndaşlarına sahib çıxır, onları planlı şəkildə təxliyə edir. Bu istiqamətdə də ilk növbədə Azərbaycan Xarici İşlər Nazirliyi, Ukrayna, Moldova və Rumıniyadakı səfirliklərimizin üzərinə böyük məsuliyyət düşür. Hesab edirəm ki, onlar bu işin öhdəsindən gəlirlər. Məsələnin qəlizliyi ondan ibarətdir ki, eyni vaxtda Ukraynadakı bütün əhalinin təxliyəsi gündəmə gəlib. 1 milyon 500 minə yaxın insan təxliyə olunub. Ukraynanın ümumilikdə 44 milyona yaxın əhalisi var. Belə olan təqdirdə məsələ daha da mürəkkəbləşir”.

Elman Nəsirov bildirib ki, insanları müharibənin gedişatında təxliyə etmək olduqca çətindir və Azərbaycan bu işin öhdəsindən uğurla gəlir: “Üstəlik, hava nəqliyyatının işləməməsi, dəmiryolu nəqliyyatında yer olmaması, yolların bombalanması işlərin necə çətinləşdiyini göstərir. Lakin bizim, xüsusilə Moldovadakı səfirliyimizin fəaliyyətini qeyd etmək istəyirəm. Təxliyə olunan insanlarla telefon danışıqlarım olub, müraciətlərini dinləmişəm, müvafiq qurumlarla əlaqə saxlamışam. Hesab edirəm ki, Moldovadakı səfirliyimizin fəaliyyəti kifayət qədər yüksək səviyyədədir. Hazırda xüsusilə Rumıniyadan insanların təyyarə ilə təxliyə prosesi həyata keçirilir. Mənə elə gəlir ki, proses bundan sonra daha da kəskinləşir. Çünki Rusiya Kiyev uğrunda tələblərini sonuna qədər yerinə yetirməyə israrlıdır. Müharibə uzana bilər və bu reallıqda proses sürətləndirilməlidir ki, insanların təhlükəsizliyi təmin olunsun”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər