Anar Xəlilov: "Xocalıya aid material paylayarkən təzyiqə məruz qaldım"
Ötən həftə Gürcüstanın Batumi şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun sayca 6-cı toplantısı keçirilib. Forumda Azərbaycanla bağlı təxribata yol verilib. Belə ki, sərginin keçirildiyi "Radisson" hotelinin müvafiq zalının girişində Azərbaycanda guya insan haqlarının pozulmasını özündə əks etdirən sərgi nümayiş etdirilib. Azərbaycan nümayəndə heyəti haqlı olaraq buna etiraz etdikdə sərginin təşkilinin Çexiyada qeydiyyatdan keçmiş "People in Need" təşkilatı tərəfindən həyata keçirildiyi məlum olub.
Bu məsələ Azərbaycanda da ciddi müzakirə mövzusuna çevrilib. Xüsusən, bu təşkilatın ermənipərəst mövqeyi ictimaiyyət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı qəzetimizə münasibət bildirən "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov qeyd edib ki, istər bu təşkilat, istərsə də forum dəfələrlə ermənipərəst mövqeyini ortaya qoyub: "Bu forumun üç toplantısında nümayəndə olmuşam. Şəxsən bu cür düşünən insanlar Varşavada şuşalı məcburi köçkün kimi otelin foyesində Xocalı və Qarabağda dağıdılan abidələrimizə aid materialları paylayarkən mənə təzyiq edərək bildirdilər ki, forum siyasi deyil, bu cür materiallar paylamaq olmaz, bu, məqsədlərimizə ziddir. Amma indi Batumidə Azərbaycanın daxili işinə qarışmaq zidd deyil? Batumi forumuna da qatılmaq üçün müraciət etmişdim, amma bilirdim ki, Varşava fəaliyyətimə görə qəbul edilməyəcəyəm və yanılmadım da. Vaxtilə Çexiyanın Brno şəhərində oxumuşam, orada çexlərin erməni sevgisinin daim şahidi olmuşam. Xatırladım ki Çexiyanın Ostrava şəhərində Bakıdan getmiş ermənilərə qaçqın statusunda sığınacaq verilib və böyük erməni məhəlləsi də var. Mən bu sevgini görərkən həmişə çexlərə Brnonun mərkəzində saxlanılan yanmış kilsəni göstərib deyirdim, "axı sizlər də nə vaxtsa faşizmin dəhşətlərinə məruz qalmısınız, bu kilsədə çexləri (moravlar) yığaraq faşistlər yandırmışlar". Bu azərbaycanlıların da onlar kimi faşizm bəlasına rast gəldiyini və Xocalıda, digər işğal olunmuş ərazilərdə dəhşətli işgəncələrə məruz qaldığımızı deyirdim. Ancaq cavablar diplomatik və qeyri-səmimi sözlərdən ibarət olurdu".
A.Xəlilov bildirib ki, ümumiyyətlə, Şuşadan köçkün düşdüyü 22 ildə Qərb liderlərindən və insanlarından ancaq qeyri-səmimilik görüb: "Nə isə lazım olanda "Biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik" kəlməsindən başqa heç nə eşitmədim. İstər Batumi olsun, istərsə digər beynəlxalq tədbirlərdə bu cür hadisələr çox olub və olacaq. Mən buna artıq təəccüblənmirəm, əksinə, bilirəm ki, ikili standartlar bunların siyasi xəttidir. Bizlər bu cür hallara qarşı hazır olmalıyıq. Sapı özümüzdən olanlara isə deyərdim ki, bir az utanın, bu cür müxalifətçilik olmur. Belə çıxır ki, sabah Sərkisyan BMT-nin hansısa sessiyasında Azərbaycanın əleyhinə danışsa, bu adamlar deyəcəklər ki, erməni prezident demokratdır? Əgər bu cür düşünürlərsə, indidən deyirəm ki, onlar ermənipərəst və bu xalqın düşmənidir. Demirəm ki, siyasi mübarizə aparmasınlar, amma atalarımız demişkən, kişi kimi aparsınlar".
BƏXTİYAR