29 Dekabr 2022 14:11
2 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin Rusiya yox, Qərbin nəzarəti altında açılmasını istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan deyib.

Onun sözlərinə görə, ortada Zəngəzur dəhlizi adlı bir geosiyasi plan var və Qərb Ermənistan hakimiyyətindən bunu həyata keçirməyi tələb edir: “Ermənistan hakimiyyəti belə bir problemlə üz-üzədir”.

Badalyan Rusiyanın da Zəngəzur dəhlizinin açılmasına müsbət baxdığını istisna etməyib:

“Rusiyaya gəlincə, əgər dəhlizə Rusiya qoşunları nəzarət edərsə, bunun açılmasına qarşı çıxmayacaq. Söhbət Rusiyanın dəhlizdə maraqlı olub-olmamasında deyil, o, ekstremal halda buna dözəcək”.

Badalyana görə, bu geosiyasi prosesdə Rusiyanın iki “oyun kartı” var: birincisi, Qarabağda yerləşən rus sülhməramlıları, ikincisi, Moskvadan Xankəndiyə göndərilən Ruben Vardanyan amili.

Ekspert Vardanyanın hədəfinin Ermənistanda hakimiyyəti ələ keçirmək olduğunu iddia edib.

Badalyan hesab edir ki, Vardanyan bu hədəfinə bir qədər də yaxınlaşmaq üçün bu yaxınlarda baş separatçı Araik Arutyunyanın yerinə keçə bilər.

“İstisna etmirəm ki, yaxın vaxtlarda Araik Arutyunyan öz yerini Ruben Vardanyana təhvil versin və oradan getsin”, - ekspert bildirib.

Ermənistan hakimiyyətinin məqsədlərinə gəlincə, Badalyanın fikrincə, Baş nazir Nikol Paşinyan bu yöndə “xüsusi proqram” həyata keçirir:

“Ermənistan hakimiyyətinin planında üç məqam var: birincisi, Qarabağı Azərbaycana təhvil vermək, ikincisi, Qərbin nəzarəti altında Zəngəzur dəhlizini açmaq, üçüncüsü, ölkədə anti-Rusiya əhval-ruhiyyəsi yaradaraq, Avrasiya Birliyi və KTMT-dən çıxmaq, bundan sonra NATO-ya üzv olmaq”.

Politoloq hökumətin bu yöndə müəyyən irəliləyiş əldə etdiyini də vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər