16 Avqust 2023 09:05
4 622
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə hər hansı bir qətnamənin, yaxud qərarın çıxarılması ehtimalı əlli-əlliyədir. Hesab edirəm ki, bundan əvvəl BMT-də oxşar bir məsələ müzakirə edilmişdi. Qətnamənin qəbul edilməsi mümkün olmadı. O zaman da təşəbbüskar Fransa idi. Fransa Ermənistanın adından Təhlükəsizlik Şurasında belə bir məsələ qaldırmışdı”.

Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli belə deyib.

Onun sözlərinə görə, həmin müzakirələrdə Böyük Britaniya, müəyyən qədər və qeyri-daimi üzvlərin bir neçəsi Azərbaycanı müdafiə edib:

“Nəticədə pis durumda qalan Fransa şikayətinə geri çəkmişdi. İndi yenə də Fransanın dəstəyi ilə Ermənistan “Qarabağda humanitar böhran” və separatçılara “humanitar yardım” gətirən 21 TIR-ın Xankəndiyə buraxılmaması ilə bağlı Təhlükəsizlik Şurasına müraciət edib. Sabah bu məsələlər müzakirə olunmalıdır.

Mövzunun BMT-də qaldırılmasının özü qanunsuzdur. Təhlükəsizlik Şurası daha ciddi məsələləri müzakirə etməlidir, amma olmayan bir məsələni müzakirəyə çıxarırlar.

Beynəlxalq təhlükəsizlik üçün yaranmış qorxunc gəlişmələr müzakirə etməlidir. Buradakı üç-beş erməni onlara çatacaq “humanitar yük”ü başqa marşrutla qəbul etməkdən imtina edirsə, bu, şikayət səbəbinə gətirib çıxarmamalıdır. Burada qeyri-adi heç nə yoxdur. Həmin TIR karvanının Azərbaycan ərazilərinə keçirmək cəhdlərinin özü qanunsuz əməldir. Azərbaycan onunla razılaşdırılmadığı üçün bu maşınları öz ərazisinə buraxmadı, düzü də budur. Üstəlik, bu, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir. Bu ərazilərin hamısı Azərbaycanın suveren torpaqlarıdır. Ona görə də qərar vermək hüququ Ermənistanın yox, Azərbaycanındır.

Ermənistan rəhbərliyi artıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu bəyan edib, dünya bunu çoxdan tanıyır”.

Qabil Hüseynli bildirib ki, Fransa kimi yaramaz bir ölkənin təşəbbüsü ilə açılan bu müzakirə nəticəsiz bitəcək: “Əgər hər şey obyektiv olacaqsa, beynəlxalq hüquq normalarına uyğun tənzimlənəcəksə, onda bu hərəkəti edənlərin yanlışlığa yol verdiklərini, bir dövlətin suveren hüquqlarını pozmağa çalışdıqlarını, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərdiklərini qeyd etməklə, bu şikayətin haqsız olduğunu qəbul etməlidirlər.

Burada bir ovuc erməni yaşayır, amma onlar Azərbaycanın humanitar yardımını və təklif etdiyimiz alternativ daşınma marşrutunu qəbul etmək istəmir. Onların nazı ilə oynamayacığıq, bu ərazilər üzərində suveren hüquq Azərbaycana məxsusdur. Azərbaycan öz Konstitusiyasına, beynəlxalq hüquqa uyğun hərəkət edir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər