28 Mart 11:22
4 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Azərbaycanın aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenin Brüsseldə keçiriləcək görüşü ilə bağlı bəyanatıyla razılaşmır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Yəqin ki, bu şərhlərlə razılaşmayacam. Görüşdə diqqət mərkəzində iqtisadi sabitliyin Ermənistana ticarət tərəfdaşlığını şaxələndirməyə və humanitar ehtiyaclarını ödəməyə kömək edəcəyi məsələsi olacaq. Anlamıram ki, bu, niyə dünyanın istənilən ölkəsində narahatlığa səbəb ola bilər?”, - Miller bildirib.

Üçtərəfli formatın yaradılması ilə bağlı qərarın nəyə əsaslandığı və bunun Ermənistanın Rusiyanı tərk etmək qərarı ilə bağlı olub-olmaması ilə bağlı suala ABŞ rəsmisi şərh verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bundan əvvəl aprelin 5-də Brüsseldə keçiriləcək Avropa Birliyi-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı açıqlama verib. XİN vurğulayıb ki, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir.

“Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb”, - açıqlamada qeyd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu