18 May 18:13
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti bu gecə də fəsadsız ötüşməyib.

Teleqraf.com xəbər verir ki, şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala və Qax rayonlarına leysan və dolu yağıb. Təbii fəlakət daha çox Qax rayonunda özünü büruzə verib.

Rayon ərazisində gecədən başlayan leysan sonradan dolu ilə əvəzlənib. Belə ki, səhərin erkən saatlarından başlayaraq Qaxın Əlibəyli və Tasmalı kəndlərinə dolu yağıb. Sakinlərin sözlərinə görə, yarım saat davam edən dolu nəticəsində həyət-bacaya, xüsusən də bostan-tərəvəz və üzüm bağlarına ciddi zərər dəyib.

Tasmalı, Lələpaşa, Turaclı, Ləkit, Marsan və Zəyəm kəndlərində sakinlərin həyətlərinə, fındıq bağlarına, qarğıdalı sahələrinə su dolub.

Rayon Fövqəladə Hallar Komissiyasının üzvü Abakar Əliyev bildirib ki, gecə saat 3 radələrindən başlayaraq səhər saat 5-ə kimi fasilələrlə yağan leysan və dolu əsasən rayonun Ləkit, Tasmalı, Əlibəyli və Lələpaşa kəndlərinin ərazisindəki təsərrüfatlara ziyan vurub. Tasmalı və Marsan kəndlərində qurunt sularının qalxması nəticəsində həyətlərə su dolub. Eyni zamanda, 20 hektara yaxın fındıq bağları sel suları altında qalıb. Komissiya üzvü deyib ki, ümumiyyətlə rayon ərazisində 70-80 hektar əkin sahəsinə, o cümlədən qarğıdalı, tütün və taxıl sahələrinə ziyan dəyib.

Komissiya üzvləri hazırda ərazilərdə dəymiş ziyanın hesablanması və aradan qaldırılması istiqamətində iş aparırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər