18 May 17:19
2 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Armen Baqdasaryan deyib.

Onun sözlərinə görə, Qərb Rusiya və İrandan yan keçməklə birbaşa Orta Asiyaya çıxmaq, bu məqsədlə Zəngəzurda müvafiq platforma yaratmaq marağı var.

Baqdasaryan istisna etmir ki, Ermənistan rəhbərliyi də bu məsələdə Qərblə əməkdaşlığa maraq göstərməyə başlayıb: “Məndə belə təəssürat yaranıb ki, Ermənistan hakimiyyəti Ermənistan-İran münasibətlərini ikinci plana atıb, Qərblə əməkdaşlığa üstünlük verir”.

Ekspert əlavə edib ki, İrəvan bir müddət bu mövzuda, yəni dəhlizin açılmamasında Tehranla eyni fikri bölüşsə də, indi başqa cür düşünür.

Onun fikrincə, Ermənistanın Zəngəzur dəhlizində Qərblə əməkdaşlığı onu Türkiyəyə də yaxınlaşdırır: “İndi Qərbin bölgədəki əsas oyunçusu Türkiyədir. Qərbə inteqrasiya həm də birbaşa Türkiyə ilə münasibətləri gücləndirmək və əməkdaşlıq etmək deməkdir. Həmin inteqrasiyanın yolu Türkiyədən keçəcək”.

Baqdasaryan İranla bağlı məqamlara da diqqət çəkib. O qeyd edib ki, İran Ermənistanın müdafiə qabiliyyətini artırmaq arzususunda olsa da, Baş nazir Nikol Paşinyan buna o qədər də isti baxmır.

“Əvvəllər İranla yaxşı əlaqələrimiz vardı, amma indi Ermənistan hakimiyyəti “Sülh qovşağı” ideyasını irəli sürüb, yəni Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutub, buna görə biz İranın dəstəyi arqumentini itiririk. Əlbəttə, hansısa mərhələdə Qərb Ermənistan-İran münasibətlərinin kəskinləşməsini, İrəvandan Tehrana qarşı sanksiyalara qoşulmasını tələb edəcək”, - Baqdasaryan vurğulayıb.

Politoloq Paşinyanın Ermənistanın İranla əlaqələrinin bəzi ölkələrdə qıcıqla qarşılanması ilə bağlı açıqlamasına da diqqət çəkib. Baqdasaryanın iddiasına görə, Ermənistan baş naziri ABŞ-nin yüksək vəzifəli rəsmisi ilə görüşündən sonra bir gün İranla sərhədin bağlana biləcəyinə eyham vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər