18 May 15:45
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən iki yazımızda Şuşadan Qarsa köçən Aküzüm ailəsi ilə bağlı məlumat verdik, onların Qarsda və Gəncədə yaşadıqları faciəli günlərdən bəhs etdik. Bu yazımızda XX əsrin ikinci yarısında Qarsın ictimai-siyasi həyatında, eləcə də Azərbaycan istiqlal mübarizəsində rol oynamış Feyzi Aküzüm bəy haqqında məlumat bölüşəcəyik.

Özünün qələmə aldığı bioqrafiyasında Feyzi bəy aşağıdakı bilgiləri verib:

“1922-ci ildə Qarsda doğuldum. Atam Əsədullah bəy, anam Tükəzban xanımdı. İbtidai, orta və lisey təhsilimi Qarsda tamamladıqdan sonra 1942-ci ildə Ankara Ziraət Fakültəsinə qəbul oldum. 1945-1946-cı il dönəmində bu fakültəni bitirdim, ali ziraət mühəndisi ünvanını qazandım.

Vətəni vəzifəmi yerinə yetirmək üçün əsgərliyə getdim. Tərxisdən sonra 1947-ci ilin noyabrında Kənd Təsərrüfatı Nazirliyi, Ankara Toxum İslah və Yoxlama məntəqəsində çalışdım. Bu müəssisədə beş il yarım müxtəlif islah və yoxlama çalışmaları həyata keçirdim. Bu arada istər tələbəlik dövrlərimdə, istərsə də məmurluq illərində milliyyətçi qurum və təşəkküllərdə vəzifə aldım. Milli Azərbaycan mübarizəsinin gerçəkləşməsi uğrunda bezmədən və yorulmadan çalışdım. Dostlarımla birlikdə qurduğum Qarslı Ali Təhsil Tələbələrinə Yardım Dərnəyinin sədri oldum. Daha sonra 1949-cu ildə qurulan Azərbaycan Kültür Dərnəyinin quruluş hazırlıqlarında iştirak edərək dərnəyin bir an öncə fəaliyyətə keçməsinə yardım etdim. Dərnəyin ilk ümumi təsis toplantısında idarə heyətinə seçildim. Ankaradan ayrıldığım ilə qədər beş il dərnəkdə idarə heyətində müxtəlif vəzifələrdə çalışdım... 1953-cü ildə Şəkər şirkətinə keçərək Ankaradan ayrıldım... İki il Konya şəkər fabrikinin müdiri oldum.

1971-ci ilin payızında Ankaraya təyin edildim. Şəkər şirkəti ümummüdirliyində müşavir və kənd təsərrüfatı istehsalı dairəsi sədri oldum. 1980-ci ilin mart ayında təqaüdə çıxaraq vəzifəmdən ayrıldım... Ankaraya gəldikdən sonra Azərbaycan milli mübarizəsinə yenidən bilvasitə qatıldım. Azərbaycan Kültür Dərnəyinin sədri olaraq fəaliyyətimi davam etdirməkdəyəm...”.

Feyzi Aküzüm və “Azərbaycan” dərgisi

Feyzi bəy “Rəsulzadə ilə beş il” adlı məqaləsində Azərbaycan Kültür Dərnəyinin rəsmi orqanı olan “Azərbaycan” jurnalının təsis edilməsi, onun tövsiyəsi ilə adının verilməsi ilə bağlı bəzi önəmli bilgilər verib:

“Məhəmmədəmin bəy Azərbaycanın səsini duyuracaq, haqlı mübarizəsini dünyaya yayacaq, kommunizmin dünyaya gətirəcəyi fəlakəti izah edəcək bir mətbuata ehtiyac olduğunu, çətinlik və maddi sıxıntılar içində olsa da, mütləq həyata keçirilməsi fikrini müdafiə edirdi. Bu məqsədlə Yenişəhər Sakarya küçəsindəki sadə evində dərnək üzvləri ilə birlikdə toplantı keçirdi. Bu toplantıda mən də iştirak etdim. Əmin bəyin təqdimat çıxışından sonra necə bir yayın orqanının nəşri üzərində xeyli müzakirələr aparıldı, müxtəlif fikirlər irəli sürüldü. Büllütünmi olsun, broşuramı olsun? Həftəlik, yaxud on beş günlük qəzetmi olsun? Hadisələrin seyrinə uyğun olaraq bildirişlərmi dərc etsin? Yoxsa müntəzəm bir dərgimi?

Bir xeyli müzakirədən sonra Əmin bəyin tövsiyəsi ilə aylıq bir dərginin nəşri üzərində razılaşdıq. Növbə jurnalın adına gəldi. Təklif edilən adlar arasında “Qurtuluş”, “Odlu vətən”, “Dirilik”, “İstiqlal” kimi indi adını xatırlamadığım bir çox adlar vardı. Mən də “Madam ki, dərnəyimiz Azərbaycan Kültür Dərnəyi adlanır, o halda dərnəyin adını daşıması baxımından jurnalın adının “Azərbaycan” olması lazımdır, bu ad dərnəyin qayəsi, çalışmaları, hər kəs tərəfindən mənimsənilməsi üçün daha rahat olar” dedim. Məhəmmədəmin bəy diqqətlə məni süzdü və “mən də Feyzinin fikrinə qatılıram, dərginin adı “Azərbaycan” olsun” dedi və dərginin bütün yükü mənə verildi. Dr.Əhməd Yaşat məsul müdir oldu. Ertəsi gün Əhməd Yaşat, Ənvər Roman, Qurban Biter və mən fəaliyyətə keçərək Əmin bəylə birlikdə dərginin ilk sayının hazırlığına başladıq. 1952-ci ilin aprelində birinci sayı çıxardıq. Dərginin 12 sayını Əmin bəylə birlikdə nəşr etdik. Baş məqalələri zamana görə Əmin bəylə Vahab bəy və digər yazıları Əmin bəy hazırlayardı. Günün şərtlərinə görə dərc edilməsi vacib olan yazıları, yazar heyətini o təlqin edərdi. Hazırlanan yazıları isə mən götürər, makinada yazar, mətbəəyə aparardım. Bu münasibətlə onu bir il ərzində daha yaxından tanımaq imkanım oldu. Həftənin iki günü birlikdə idik. Hər mövzuda ondan çox faydalandım. Öyrənmək istədiyim xüsusları, ən incə detallarına qədər yorulmadan, bezmədən böyük bir zövqlə izah edərdi. Gəncliyə sonsuz güvəni və etimadı vardı. Gənclərlə birlikdə olduğu vaxt sevinci sərhəd tanımazdı. Ona görə də daim gəncləri yanında görmək istəyərdi. Mən də hər fürsətdə o zaman Ankarada olan gənc dostlarla birlikdə ziyarətinə gedərdik. Bundan çox məmnun olardı. Dəfələrlə güvənini təkrarlayar, gəncliyin öhdəsinə düşən vəzifənin çox böyük və müqəddəs olduğunu söyləyərdi. Köhnə nəsillə yeni nəsil arasındakı bağların qopmamasına diqqət edər, keçmiş nəslin təcrübəsi ilə yeni nəslin həyəcanı arasında əlaqə qurmağı olduqca yaxşı bacarardı...

Əmin bəyi yaxından tanıdıqca ona qarşı olan hörmətim qat-qat artdı. Onun böyüklüyünü, geniş dünyagörüşünü və mübarizəyə olan hakimliyini daha yaxşı anladım. O, əsir Türk ellərinin mübarizəsinə sarsılmaz bağlılığı kimi, Türkiyəyə də dərin bir heyranlıq bəsləyərdi. Böyük Türk aləminin yeganə müstəqil və azad qalası Türkiyə Cümhuriyyətinin sonsuza qədər ölümsüz olması ən böyük diləyi idi...”

Feyzi bəy 1955-ci ilin yanvar ayında Müsavat Firqəsinə üzv olub. Firqənin Ankara Komitəsində təmsil olunub, partiyanın ümumi mərkəzi komitəsinin üzvü olub. 1979-cu ildən etibarən isə divan üzvü seçilib. Feyzi bəyin fəaliyyəti yüksək şəkildə dəyərləndirilərək 1968-ci ildə mühacirət hökuməti olaraq qəbul edilən Azərbaycan Milli Mərkəzinin ehtiyat üzvlüyünə, 1970-ci ildə əsli üzvlüyə, 1974-cü ildə məclis üzvlüyünə, 1978-ci ildə icra qurulu üzvlüyünə, 1980-ci ildən vəfatına qədər başqanlıq divanı üzvlüyünə layiq görülüb.

Feyzi Aküzüm “Azərbaycan” dərgisində bir sıra yazılar qələmə alıb, iki kitabça nəşr edib. Azərbaycan Kültür Dərnəyinin 10-cu kitabı olan “Almas İldırımın seçilmiş şeirləri” (Ankara, 1953) kitabında “Almas İldırımın tərcümeyi-halı” qismini Feyzi bəy qələmə alıb. Feyzi bəy “Azərbaycan” jurnalında tanınmış şəxsiyyətlərin bioqrafiyalarını, ictimai-siyasi fəaliyyətlərini qələmə alıb. Mustafa Kamal Atatürk, Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Zərdabi, Əbdülvahab Yurdsevər, Teymur Atəşli, Əli Volkan, Tahir Mehmandarlı, Kərim Yaycılı, Ayaz İshaqi, Kərim Odər, Mirzə Fətəli Axundzadə kimi tanınmış simalar haqqında məqalələr yazıb.

Qarabağ müharibəsi dövründə Feyzi bəy Azərbaycanın səsinin dünyada eşidilməsinə çalışıb. O, 1991-ci ildə Ankarada vəfat edib.

26 dekabr 1992-ci ildə Ankarada Feyzi Aküzümü anma mərasimi keçirilib. Tədbirdə çıxış edən Dr. Məhəmməd Kəngərli onun haqqında bunları söyləyib: “Mərhumun milli mücadilə səflərinə ilk addımı İkinci Dünya müharibəsindən sonra Məhəmmədəmin Rəsulzadənin Avropadan Türkiyəyə qayıdışı dövrünə təsadüf edir. Milli təşkilatlarımızın Türkiyədə yenidən qurulması ilə ciddi bir şəkildə məşğul olan Rəsulzadə öncəliklə yeni yetişən qabiliyyətli gəncləri təşkilatın tərkibində toplamağa olduqca diqqət göstərirdi”. Kəngərli bu vəsilə ilə mərhum Feyzi bəyin də Rəsulzadənin yanında olmaq, onu yaxından tanımaq və onunla çalışmaq şərəfinə nail olan bir neçə şanslı gəncdən biri olduğunu söyləyib. Kəngərli bu çıxışında Aküzüm ailəsinin üzvlərindən Lətif Aküzüm haqqında da maraqlı məlumat verib. Onun dediyinə görə Lətif bəy İstanbul Hüquq Fakültəsində təhsil alarkən Azərbaycan Tələbə Cəmiyyətini qurub, lakin təqibə məruz qaldığı üçün təşkilat qapadılıb.

Feyzi bəyin yaxın dostu, Azərbaycan Kültür Dərnəyinin simalarından Əhməd Qaraca bəy onun haqqında bu fikirləri söyləyib: “Feyzi Aküzüm bəylə dostluğumuz Azərbaycan Kültür Dərnəyi ilə yaşıtdır... Biz 1948-ci ildə universitetə başladığımızda mərhum Feyzi Aküzüm gənc və yaraşıqlı bir ali ziraət mühəndisi idi. O, geyimi, oturuşu-duruşu və hərəkətləri ilə daim bizlərə nümunə olmuşdur... Dərnəyin quruluş çalışmalarının davam etdiyi günlərdə Feyzi bəy məni və hazırda Atatürk Universitetində professor olan Dr. Arif Özeli evinə apardı. Azərbaycan məsələsini açdı, dərnək işlərinin sona çatmaq üzrə olduğunu bildirdi və üzv olmağımızı istədi. İkimiz də məmnuniyyətlə qəbul etdiyimizi bildirdik... Dərnəyin mərkəzi o zamanın ən modern binası olan Anafartalar caddəsindəki Vakıf İşxanının 324 nömrəli otağı idi. Bu otağı Türk Kültür Dərnəyi ilə bölüşürdük. Hər şənbə günü bütün üzvlər dərnək mərkəzində görüşür, çıxışları diqqətlə dinləyərdik”.

Qaraca Feyzi bəyin “Odlu” təxəllüsü ilə şeirlər yazdığını da bildirib.

Feyzi bəyin Ankarada keçirilən birinci anım mərasiminə Azərbaycan Respublikasının Ankaradakı səfiri Məmməd Əliyev də qatılmışdı.

Feyzi bəy irəvanlı Nağı Odoğlunun kiçik qızı Aytən xanımla ailə həyatı qurub. 1977-ci ilin martında Feyzi Aküzümün Ankarada “M. Emin Resulzade'ye Göre Azerbaycan İstiklal Mücadelesi”, 1979-cu ildə “Hiyanet kadrosunu tanıyalım” əsərləri işıq üzü görüb. İkinci kitabçada Azərbaycan Cümhuriyyətinin işğalında rol oynayan kommunistlər ifşa olunub.

Feyzi bəy M. Rəsulzadə haqqında da bir neçə məqalə qələmə alıb.

Beləliklə, 24 fevral 1973-cü ildən 24 fevral 1990-cı ilə qədər Azərbaycan Kültür Dərnəyinin sədri olan Feyzi Aküzüm Şuşadan Qarsa köçən bir nəslin qiymətli üzvlərindən olub.




Müəllif: Dilqəm Əhməd