Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi Rusiya Federasiyasının prezidenti Vladimir Putinə, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskiyə, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Gennadi Züqanova, Rusiya Veteranlar Şurası Təşkilatına, “Rusiya zabitləri” ümumrusiya ictimai təşkilatına məktub ünvanlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, məktubda faşist generalı, Njde kimi tanınan Qaregin Ter-Arutunyana Ermənistan paytaxtında heykəl qoyulması ilə bağlı etiraz ifadə olunub.
“1948-ci ildə Qaregin Njde hərbi cinayətkar kimi 25 illik həbs cəzası alıb və 1957-ci ildə Vladimir həbsxanasında ölüb. O, bəraət almayıb və məhkəmə daha öncə çıxarılan hökmü qüvvədə saxlayıb. Bütün bunlara baxmayaraq, Rusiyada erməni diasporu nümayəndələri nümayişkaranə şəkildə Knyaz-Vladimirovsk məzarlığına gedərək, faşist cəlladı Njdenin qəbrini ziyarət edir. Həmçinin, adıçəkilən məzarlıqda faşist əlaltısının xatirəsinə memorial kompleksin ucaldılması tələbləri də səsləndirilir”, – deyə məktubda bildirilir.
Məktubda Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Assambleyasının qəbul etdiyi nasizm, irqçilik, ksenofobiya və dözümsüzlüyü pisləyən qətnamələr xatırladılıb və bildirilib ki, Rusiyanın strateji tərəfdaşı kimi mövcud qətnaməyə qoşulan Ermənistan, faşist rejiminə sədaqət andı içən şəxsi qəhrəmana çevirir, onun geniş miqyaslı təbliğatını aparır.
“Biz Ermənistanın bu kimi fəaliyyətindən, faşizmə qalib gəlmək uğrunda həlak olan insanların xatirələrinə göstərdikləri hörmətsizlikdən hiddətlənirik. Ümid edirik ki, siz bu işi öz nəzarətinizə götürəcəsiniz və hər zaman olduğu kimi Böyük Vətən Müharibəsində həlak olan insanların əziz xatirəsinə hörmət göstərərək, Ermənistanın təbliğ etdiyi faşizm ideologiyasına qarşı mübarizə aparacaqsınız”, – deyə məktubda qeyd olunub.
Səxavət