1 Sentyabr 2016 17:12
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bu ilin aprel döyüşlərindən sonra keyfiyyətcə yeni mərhələ başlanıb. Bu yeni mərhələ hələ ki, ilk növbədə, özünü diplomatik səylərdə göstərməkdədir. Son danışıqlardan sonra çox inamlıyıq və ümid edirik ki, bu diplomatik səylər, xüsusilə də, münaqişənin həllində böyük potensiala malik Rusiyanın dövlət başçısının Azərbaycana səfəri, üçtərəfli format çərçivəsində aparılan danışıqlar, İran və Rusiya dövlət başçılarının münaqişənin həllinin beynəlxalq hüquq prinsipləri çərçivəsində tənzimlənməsi ilə bağlı fikirlər səsləndirmələri çox önəmlidir”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Elman Nəsirov deyib. Nəsirov hesab edib ki, əlində bunlar diplomatik yanaşmalardır: “Ancaq görəndə ki, Bakıda Rusiya və İran dövlətlərinin prezidentləri açıq şəkildə qeyd edirlər ki, bu münaqişə beynəlxalq hüquq prinsipləri çərçivəsində həllini tapmalıdır – beynəlxalq hüquq deyəndə, təbii ki, BMT-nin Nizamnaməsi, ATƏT-in yekun sənədləri və digər mühüm sənədlər nəzərdə tutulur-yəni, söhbət dövlətlərin ərazi bütövlüyü prinsipləri çərçivəsində həllindən gedir.

Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də ondan ibarətdir ki, bizim təkcə hərbi vətənpərvərlik ruhumuz artmayıb, biz təkcə 2 min hektar ərazini geri qaytarmamışıq, eyni zamanda, işğal altında olan ərazilərimizin tamamilə geri alınması üçün çox gözəl platforma əldə etmişik. Artıq Azərbaycanın haqlı mövqeyi daha çox müdafiə olunmağa başlanıb.

Qeyd etdiyim kimi, Rusiya Prezidentinin Azərbaycana səfərinin ardınca Turkiyə Prezidentinin Sankt-Peterburqa, Ermənistan prezidentinin Moskvaya səfərləri zamanı aparılan danışıqlarda da münaqişənin həlli ilə bağlı məsələnin diqqət mərkəzində saxlanılması belə bir qənaətə gəlməyə əsas verir ki, münaqişənin nizamlanmasında müsbət nəticələrin şahidi olacağıq.

Hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri də cidd-cəhdlə çalışırlar ki, prezidentlər səviyyəsində görüş olsun. Düşünürəm ki, həmin görüşdə İran və Rusiya prezidentlərinin son bəyanatları böyük əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, Ermənistan prezidentinin Moskvaya son səfərindən sonra da müəyyən dəyişikliklərin və irəliləyişlərin şahidi olacağıq. Bunun üçün hazırda əlverişli şərait yaranıb. Elə bir şərait ki, bu vaxta qədər heç zaman müşahidə olunmayıb. Aprel döyüşləri Ermənistana elə bir dərs oldu ki, daha bundan sonra işğalçı dövlətin prezidenti danışıqlar naminə danışıqlara qatılmayacaq. Ona görə də fikrimcə, son hadisələr də təsdiqləyir ki, münaqişənin həllində keyfiyyətcə yeni mərhələnin əsası artıq özünü büruzə verir”.

Cavad


Müəllif: