“Əli Əkbər Vilayətinin bu açıqlaması qabaqlayıcı və təhdidedici bir açıqlamadır. Çünki bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Rusiyanı təhdid edəcək bir açıqlama vermişdi. O demişdi ki, Hələb bu şəkildə ardıcıl olaraq bombardman edilərsə, artıq terrorçu qruplar məkanı dəyişdirə və Rusiyanın böyük şəhərlərini vura, yəni, terror hadisələri törədə bilərlər. Bundan sonra Rusiya hərbi baxımdan daha çox itkiyə məruz qalar. Bu da onunla izah olunur ki, terrorçular birdən-birə güclənməyəcək. Onlar məhz ABŞ-ın Əsəd rejiminə müxalifətdə olan güclərə yeni müasir silahlar verməklə təbii ki, Rusiya və İran, eyni zamanda Əsəd ordusu üçün vəziyyəti daha da mürəkkəbləşdirəcək. Əgər əvvəllər müxalifəti bombardıman edən Rusiya qırıcılarını vurmaq müxalif əsgərlər üçün daha çətin idisə, xüsusi qurğular, raket sistemləri vasitəsilə indi bu təyyarələri vurmaq bundan sonra daha rahat ola bilər”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib.
Qeyd edək ki, İranın ali dini lideri, ayətullah Əli Xamneyinin məsləhətçisi, İran Streteji Araşdırmalar Mərkəzinin rəhbəri Ə.Vilayəti Suriyaya hərbi müdaxilənin ABŞ üçün intihar olacağını bildirib. O bildirib ki, Suriyaya birbaşa müdaxilə ABŞ-ın Əfqanıstan və İraqdan sonra üçüncü məğlubiyyəti olacaq. “Özü də əvvəlkilərdən də ciddi məğlubiyyət olacaq”, – deyən Vilayəti Suriya xalqının 6 ildir xarici, xüsusən də ABŞ-ın rəhbərliyi ilə Qərbin hərbi müdaxiləsinə qarşı dayandığını vurğulayıb.
N.Miri bununla bağlı olaraq qeyd edib ki, ayrıca tank əleyhinə silahlar var ki, bunlar tətbiq olunarsa həm Rusiya, həm də Əsəd rejimi böyük itkilərlə üzləşə bilər: “Əslində ABŞ bu təhdidlə Rusiyanı çəkindirmək istəyirdi. Bu da cavabsız qalmadı. Bilirsiniz ki, həm Rusiya, həm də İran buna reaksiya verdi. Mən düşünürəm ki, ABŞ Obama hakimiyyəti dönəmində Suriyaya hərbi müdaxilə etməyəcək. Çünki əslində Suriyada, bütövlükdə Yaxın Şərqdə baş verən bu faciənin əsas səbəbi məhz Obama hakimiyyətinin dişsiz, cəsarətsiz və qorxaq siyasətinin nəticəsidir. Çünki bildiyiniz kimi Rusiya ötən il sentyabrın 30-da Suriyaya hərbi müdaxilə etmək üçün məhz Obamadan – BMT-nin iqamətgahında razılıq almış oldu. Bundan sonra kütləvi olaraq məsum insanlar Rusiyanın bombardımanına məruz qaldı və vəziyyət daha kritik hala gəlib çatdı. Bu gün artıq 1 ildir ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsinə rəğmən hələ də Suriyada savaş dayanmayıb. Əksinə, daha da intensivləşib və kütləvi qırğınlar bu gün də davam edir. Hətta, humanitar yardımların məsum insanlara çatdırılmasına ciddi surətdə maneələr törədilir. Hətta, qlobal təşkilat olan BMT-nin humanitar yardımları belə Rusiya və Suriya qırıcıları tərəfindən vuruldular. Dəfələrlə bu cür hadisələr baş verib”.
N.Miri bildirib ki, Obama bu gün Suriyada birbaşa savaş aparmır: “Çünki birbaşa savaş apararsa və Rusiya-ABŞ əsgərləri qarşı-qarşıya gələrsə, bu, üçüncü dünya savaşının ortaya çıxması demək olardı. Məhz bu baxımdan ABŞ və Rusiya birbaşa qarşı-qarşıya gəlməsinlər deyə bu gün ABŞ Suriyada vəkalətən savaş aparır. Ancaq Rusiya birbaşa, Suriya hakimiyyətinin razılığı və xahişi ilə orada əməliyyatlar aparır. Eynilə İran da bu statusda Suriyada var və ciddi surətdə Əsəd hakimiyyətini müdafiə edir. Ona görə də mən düşünmürəm ki, cəsarətsiz Obama qalan bir neçə aylıq hakimiyyəti ərzind\ Suriyaya hərbi müdaxilə edəcək. Ancaq onu da deyim ki, Obamanı əvəzləyəcək növbəti hakimiyyət xanım Klinton olarsa, onun Obamaya nisbətən daha qətiyyətli siyasəti yürüdəcəyi və Rusiyaya ciddi cavablar veriləcəyi gözlənilir. Düşünürəm ki, xanım Klinton hakimiyyətə gələrsə, Suriyada vəziyyətin tamamilə başqa yöndə inkişaf edə biləcəyi və daha da mürəkkəbləşəcəyini proqnozlaşdırmaq olar”.
Səxavət HƏMİD