Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna dair məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət ruhunda, qarşılıqlı tərəfdaşlıq, sülh vasitələri və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təqsdiq edir.
Teleqraf.com-un XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycanın bu mövqeyini XİN rəhbəri Elmar Məmmədyarov bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin iclasında deyib.
Nazir qeyd edib ki, bu ilin payızında Astraxanda nəzərdə tutulan gündəliyin tam hazırlanması və Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitində yekun sənədlərin qəbulu Xəzər probleminin təməl prinsiplərinin razılaşdırılmasına dair gözəçərpacaq dərəcədə irəliləyişə zəmin yaracaq və Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün mövcud bazanı möhkəmləndirəcək.
Azərbaycan XİN rəhbərinin sözlərinə görə, Xəzər regionu dövlətlərinin əməkdaşlığı üçün hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə əhəmiyyətli iş görülüb. "Hazırda Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq haqqında saziş hazırlanıb və imzalanmağa hazırdır. Bununla yanaşı Xəzər dənizində fövqəladə vəziyyətlərdən xəbərdarlıq və onların aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş razılaşdırılıb. Həmçinin Xəzər dənizinin bioloji resurslarının qorunub saxlanması və rasional istifadəsi haqqında sazişin son uyğunlaşdırması üzərində ekspertlərin işi davam edir".