28 Fevral 2017 23:13
371

Xarici İşlər Nazirliyində Azərbaycan və Moldova arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, məsləhətləşmələrdə Azərbaycanı xarici İşlər nazirinin müavini Xələf Xələfov, Moldovanı isə xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Lilian Dariy təmsil edib.
X.Xələfov Azərbaycanla Moldova arasında MDB, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın qurulduğunu, XİN-lərarası siyasi məsləhətləşmələr formatının ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edib.

Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini, bu xüsusda əməkdaşlığı genişləndirmək və inkişaf etdirmək üçün mövcud bütün imkanlardan istifadənin zəruriliyini qeyd ediblər.
Nazir müavinləri Azərbaycanla Moldova arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər və bu faktın digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar yaratdığını bildiriblər. Tərəflər təmsil etdikləri ölkələrin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını tam dəstəklədiklərini xüsusi vurğulayıblar.

Hər iki ölkənin ərazi bütövlüyünün pozulmasını Azərbaycanla Moldovanın üzləşdiyi problemlərin oxşar cəhəti olduğunu bildirən X.Xələfov, Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri və aparılan sülh danışıqları barədə moldovalı həmkarına ətraflı məlumat verib. O, Ermənistanın işğal etdiyi bütün Azərbaycan torpaqlarının azad ediləcəyinə heç kimin şübhə etmədiyini bildirib və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarına geri qayıtmasının təmin ediləcəyini diqqətə çatdırıb. Ermənistan hakimiyyətinin siyasi manipulyasiya etdiyini, danışıqlar prosesini pozduğunu vurğulayan X.Xələfov, Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində və silahlı qüvvələrin təmas xəttində mütəmadi olaraq təxribatlar törətdiyini, gərginliyi artırmaqla sülh prosesinə zərbə vurduğunu bildirib.

Regionda Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verən X.Xələfov, sözügedən istiqamətdə, xüsusilə də Qara dəniz vasitəsilə yük daşımalarının Azərbaycanla Moldova arasında iqtisadi əməkdaşlığa töhfə verə biləcəyinə inam ifadə edib.

Lilian Dariy ölkəsinin Azərbaycanın tranzit imkanlarından istifadə etməkdə maraqlı olduğunu bildirib və Qara dəniz vasitəsi ilə yüklərin daşınmasında mövqelərin üst-üstə düşdüyünü qeyd edib.

Səxavət


Müəllif: